Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarıdır

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarıdır

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Hidromaş ərazi ilk partiya təşkilatında tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatının Hidromaş ərazi ilk partiya təşkilatının sədri Əhməd Hümbətov deyib ki, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Ulu öndər Heydər Əliyev həyatı boyu Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb: "Məhz, Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır".

Deputat Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub.

Milli Məclisin deputatı Ayaz Orucov isə qeyd edib ki, XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyəllənib: "Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən edib, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb".

Tədbirdə çıxış edən partiya fəalları Məzahir Ağabalayev, Dilbər Abasova, Telman Babayev, Aytən Nikipur və digərləri deyiblər ki, Ümummilli lider Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edib, öz fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib. Azərbaycan xalqı isə heç vaxt dəstəyini əsirgəməyib. Bu gün də Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev praqmatik fəaliyyəti sayəsində Azərbaycan dünyanın sürətli inkişaf edən ölkələri sırasına daxil olub.

Sonda rayonun ictimai-siyasi həyatında aktiv iştirak etdiyinə görə fəallara fəxri fərmanlar və YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin məzunlarına sertifikatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə