“Dövlət qulluğuna qəbul və dövlət qulluqçusunun karyera inkişafı” Tədbir-FOTO

“Dövlət qulluğuna qəbul və dövlət qulluqçusunun karyera inkişafı” Tədbir-FOTO

Bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Dövlət qulluğuna qəbul və dövlət qulluqçusunun karyera inkişafı" mövzusunda maarifləndirici tədbir keçirilib. SİA-nın xəbərinə görə, "ASAN xidmət", Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Akademiyanın təşkilatçılığı ilə baş tutan tədbirdə hər üç qurumun nümayəndələri iştirak edib.

"ASAN xidmət" mərkəzinin İnsan resursları və Təlim şöbəsinin müdiri Elvin Paşayev qurum haqqında tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, mərkəz fəaliyyətə başladığı gündən bu yana 1 milyon 500 min vətəndaşa xidmət göstərib: "Mərkəzin əsas məqsədi vətəndaşlara göstərilən xidmətlərin şəffaflığını təmin etməkdir. 4 müsabiqə ərzində "ASAN xidmət"də çalışmaq üçün 1000-dən çox vətəndaş müraciət edib. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkil etdiyi müsabiqə və müsahibə mərhələsindən 80 nəfər uğurla keçərək bizimlə əməkdaşlıq ediblər".

Daha sonra çıxış edən Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn vurğulayıb ki, "ASAN xidmət"lə Komissiya arasında fəal əməkdaşlıq mövcuddur: "Hazırda bir neçə istiqamətdə əmədaşlıq davam etdirilir. Bu istiqamətlərdən biri də dövlət qulluğuna qəbul prosesinin həyata keçirilməsində mövcud olan "ASAN xidmət" mərkəzində olan vakant yerlərin komissiyanın xətti ilə elana çıxarılmasıdır. Bildiyiniz kimi, aprelin 1-i üçün 440, aprelin 23-də isə 425 vakant yer elan etmişdik. Bugünkü tədbirdə həmin elanlarla bağlıdır".

Çıxışlardan sonra "ASAN xidmət" mərkəzlərinin məzun və hazırda fəaliyyətini davam etdirən könüllüləri, həmçinin DİA-nın bakalavr və magistları dövlət qulluğuna qəbul qaydaları, imtahan prosedurları, dövlət orqanlarında vacant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə şərtləri barədə məlumatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə