Elmar Məmmədyarov Yaponiya XİN müavini ilə görüşüb

Elmar Məmmədyarov Yaponiya XİN müavini ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Yaponiya xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Takao Makinonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında siyasi, iqtisadi və enerji sahəsindəki mövcud əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, bu səfərin əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir münaqişə ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə əsaslanan prinsipial mövqe nümayiş etdirdiyinə görə Yaponiya tərəfinə təşəkkürünü ifadə edib.

T. Makino dövlətlərin ərazi bütövlüyünə hörmətin Yaponiyanın prinsipial mövqeyi olduğunu söyləyərək bu yaxınlarda keçirilmiş Azərbaycan-Yaponiya hökumətlərarası birgə komissiyasının iclasının və xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmənin ölkələr arasında əlaqələrin daha da inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, sərmayələrin və turizmin təşviq edilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi və qeyri-enerji sektoru üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə