Samux rayonunda Zərifə xanım Əliyevanin 91-ci ildönümü qeyd olunub

Samux rayonunda Zərifə xanım Əliyevanin 91-ci ildönümü qeyd olunub

Samux rayon İcra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının dəstəyi ilə rayon təşkilatının akt zalında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü ilə əlaqədar anım tədbiri kecirilib. Tədbir "Zərifə Əliyeva" filminin nümayişi ilə başlanıb.

Sonra tədbiri giriş sözü ilə açan Samux Rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev bildirdi ki, Zərifə xanım Əliyevanın timsalında ilk öncə ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır: "Hesab edirəm ki, Zərifə xanımın bu obrazı, siması, keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir. Buna görə də onun şəxsiyyəti, həyatı, keçdiyi yol daha geniş təbliğ olunmalıdır ki, bugünkü xanımlarımız nümunə götürsünlər. Həqiqətən də Zərifə xanım davranışı, həyat tərzi, insanlarla rəftarı, övladlarına verdiyi tərbiyə, həkim kimi xəstələrə münasibəti baxımından insanlığın parlaq siması kimi dəyərləndirilməlidir".

Daha sonra tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov vurğuladı ki, Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Belə k, bu şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı: "Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb".

Tədbirdə çıxış edən Samux rayon İcra hakimiyyəyi başçısının müavini Kəmalə Xəlilova, Mərkəzi rayon xəstəxanasının baş həkimi İlham Həsənov və həkim Kamran Ələkbərov çıxış edərək bildirdilər ki, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Məhz bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə "Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi" mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil edib. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib. Vurğulandı ki, Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır.

Tədbirin sonunda natiqlər bir daha qeyd etdilər ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə