Görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayev həyatı və yaradıcılığı ilə örnək olmağa layiq bir insandır
Aprelin 26-da Azərbaycanda Atatürk Mərkəzində görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 106-cı ildönümünə həsr edilmiş "dəyirmi masa" keçirilib.
Tədbir Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsi və "Müəllim sözü" qəzetinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirdə, həmçinin "Mir Cəlalın aforizmləri" kitabının təqdimat mərasimi də olub.
Kitabda Mir Cəlal Paşayevin əsərlərindən götürülmüş aforizmlər Azərbaycan, rus və ingilis dillərində verilib. Kitabın müəllifi dosent Həcər Hüseynova, elmi redaktorları professorlar Tofiq Hüseynov və Buludxan Xəlilovdur.
"Dəyirmi masa"da çıxış edən "Müəllim sözü" qəzetinin baş redaktoru Vahid Aslan bildirib ki, Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi böyük ziyalı, yazıçı, pedaqoq Mir Cəlal Paşayev həm yazıçı, həm müəllim, həm də alim kimi adını tarixə əbədi həkk edən insanlardandır.
Diqqətə çatdırılıb ki, beşiyi Azərbaycanın güneyində, qəbri isə quzeyində olan bu böyük şəxsiyyətin həyatı və yaradıcılığı Azərbaycanın bütövlük simvoludur. Şəxsiyyətinin və yaratdıqlarının böyüklüyünə baxmayaraq sadə və səmimi, böyük ürəyə sahib bir insan olan Mir Cəlal Paşayev görkəmli şəxsiyyət, əsl müəllim, vətəndaş-alim, istedadlı bir yazıçı kimi bu gün də ürəklərdə yaşayır.
Ombudsman Elmira Süleymanova bildirib ki, Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş yazıçının "Bir gəncin manifesti" Azərbaycan gəncinin manifestidir. Görkəmli yazıçı öz əsərləri ilə gənclərə Vətənə, xalqa məhəbbət hissi aşılayıb, onlara xalqın sevincinə sevinməyi, kədərinə kədərlənməyi öyrədib.
Mir Cəlalın yaradıcılığında Azərbaycan xalqının tarixinin böyük bir zaman kəsiyi öz əksini tapdığını vurğulayan Ombudsman nəzərə çatdırıb ki, böyük yazıçı öz əsərlərində təkcə tariximizi deyil, eyni zamanda, mədəniyyətimizi də nümayiş etdirib.
Bildirilib ki, Mir Cəlal Paşayevin bədii əsərlərində sadə insanların həyatı diqqət mərkəzində olub. Yazıçının qəhrəmanları, yaratdığı bədii lövhələr oxucuya güclü təsir edir, uzun müddət unudulmur.
Elmira Süleymanova, həmçinin "Mir Cəlalın aforizmləri" kitabının hazırlanmasını yüksək qiymətləndirərək qeyd edib ki, bu aforizmlər həyat məktəbinin məhsuludur.
Professor Vilayət Əliyev görkəmli insanın pedaqoq kimi fəaliyyətindən, tələbələrə göstərdiyi diqqət və qayğıdan danışıb, onunla bağlı xatirələrini bölüşüb. Bildirilib ki, Bakı Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub.
Qeyd olunub ki, Bakı Dövlət Universitetində uzun müddət rəhbərlik etdiyi kafedra hazırda onun adını daşıyır.
Yazıçının yaradıcılığına həsr olunmuş elmi əsərlər haqqında söhbət açılaraq bildirilib ki, Mir Cəlalın əsərlərinə bələd olmadan onun haqqında yazmaq mümkün deyil.
Diqqətə çatdırılıb ki, "Mir Cəlalın aforizmləri" kitabına daxil edilmiş aforizmlərlə yanaşı, onun əsərlərindəki aforizmlər də saysız-hesabsızdır.
AYB-in Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz qeyd edib ki, Mir Cəlal Paşayevin həyatına nəzər salsaq onun ömür boyu araşdırmalar və tədqiqatlar apardığını, yazıb-yaratdığını görərik. Böyük şəxsiyyətin bütöv Azərbaycan ideologiyasının ruhu, qanı, həyatı ilə yaşatdığı, gənclərə örnək, işıq olduğu diqqətə çatdırılaraq vurğulanıb ki, Mir Cəlal Paşayev öz sadə, təvazökar həyatı ilə milli bir ziyalı olduğunu sübut edib.
Şair İlyas Tapdıq Mir Cəlal Paşayevin insani keyfiyyətlərindən danışaraq bildirib ki, o, sadə, mehriban insan idi. Şair görkəmli şəxsiyyətlə bağlı xatirələrini bölüşərək, ona həsr etdiyi şeirini oxuyub.
Digər çıxış edənlər də Mir Cəlal Paşayevin müəllim, yazıçı, şəxsiyyət kimi keyfiyyətlərindən söhbət açıb, onunla bağlı xatirələrini söyləyiblər. Bildirilib ki, onun bütün əsərləri gözəldir, oçerklərindən monoqrafiyalarına, hekayələrindən romanlarına qədər hər bir əsərində həyat, işıq, dərin təfəkkür, mənalı-məzmunlu, təsirli dil-təhkiyə var.
Mir Cəlal Paşayevin yazdığı bədii və elmi əsərləri ilə ədəbiyyatımıza və filologiya elminə böyük töhfələr verdiyi vurğulanaraq qeyd edilib ki, o, həyatı və yaratdıqları ilə örnək olmağa layiq bir insandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB