Lənkəranda Heydər Əliyev Mərkəzində Nikah mərasimi keçirilib FOTOLAR

Lənkəranda Heydər Əliyev Mərkəzində Nikah mərasimi keçirilib FOTOLAR

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov gənclərin nikah mərasiminin bundan sonra Heydər Əliyev Mərkəzində keçirilməsi təşəbbüsünü irəli sürüb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Aprelin 25-də respublikamızda ilk dəfə olaraq Lənkəranda Heydər Əliyev Mərkəzində gənclərin nikah mərasimi keçirilib. Burada ilk nikah müqaviləsi Ləj kənd sakini, Milli Qəhrəman Əsgər Əliyevin qardaşı oğlu Həbib Əlizadə ilə Lənkəran şəhər sakini Adilə xanım arasında bağlanıb. Yeni ailə quran gənclər Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çüçək dəstələri qoyublar. Sonra gənclər Heydər Əliyev Mərkəzinə daxil olaraq burada Ulu Öndərin zəngin irsini və şərəfli ömür yolunu əks etdirən eksponatlarla tanış olublar. Nikah mərasimini Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Ləj kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram Cəfərov açaraq bütün lənkəranlıları bu xoş gün münasibətilə təbrik edib. Sonra o, İcra başçısının bu təşəbbüsünün hər yerdə böyük ruh yüksəkliyi, sevinc və razılıqla qarşılandığını bildirib və Ləj kənd gənclərinin bu təşəbbüsə ilk qoşulanlar arasında olduqlarını vurğulayıb. Daha sonra gənclər arasında nikah müqaviləsi bağlanıb. Qonaqların alqışları altında gənclərə nikah şəhadətnaməsi təqdim olunub. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev çıxışında bu gün Lənkəranda daha bir gözəl ənənənin şahidi olduqlarını söyləyib və gənclərin nikah mərasiminin Heydər Əliyev Mərkəzində bağlanmasının onların həyatında mühüm rol oynayacağına əminlik hissini ifadə edib. Ə.Əliyev yeni qurulan ailəyə İcra başçısının təbrikini çatdırmış və hədiyyəsini təqdim edib. Həbib Əliyevin babası Hacı Ələkbər Əliyev gənc ailəyə xeyir-duasını verib, onlara xoşbəxtlik, səadət və xoş günlər arzulayıb. "Kinəlim" rəqs qrupu və rayon mədəniyyət şöbəsinin bədii özfəaliyyət kollektivi üzvlərinin ifası mərasimi daha da rövnəqləndirib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə