"ASAN xidmət"in işçiləri beynəlxalq qurumlarda təcrübə keçəcəklər

"ASAN xidmət"in işçiləri beynəlxalq qurumlarda təcrübə keçəcəklər

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") gənc əməkdaşları beynəlxalq qurumlarda təcrübə keçəcəklər. SİA-nın xəbərinə görə, bununla əlaqədar "ASAN xidmət"lə İstanbulda fəaliyyət göstərən "AzeDer" Təşkilatı arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədi "ASAN xidmət"in sədr müavini Ülvi Mehdiyev və "AzeDer" şirkətinin sədr müavini Abbas Məmmədov imzalayıblar.

Ü. Mehdiyev çıxışı zamanı deyib ki ki, "ASAN xidmət" yarandığı gündən bir çox uğurlara imza atıb: "Xidmətdə 300-ə yaxın əməkdaş çalışır. Onların sayəsində 1 il ərzində 1 milyon 500 minə yaxın vətəndaşımıza müxtəlif sahələr üzrə xidmət göstərilib. Ona görə də bizim hər zaman peşəkar, istedadlı kadrlara ehtiyacımız var. Bugünkü əməkdaşlıq sayəsində qurumumuzda çalışan könüllüləri və fəalları ixtisas artırma kurslarına cəlb edəcəyik. "AzeDer" vastəsilə əməkdaşlarımız beynəlxalq təşkilatlarda təcrübə keçəcəklər. Kadrlarımız Avropa Parlamenti və BMT kimi nüfüzlü orqanların təcrübələrinə yiyələnəcəklər. Eyni zamanda "AzeDer" təşkilatının vasitəsi ilə xaricdə təhsil alan azərbaycanlı tələbələrimiz də "ASAN xidmət"də təcrübə keçə biləcəklər. Qeyd edim ki, bu layihəmiz davamlı şəkildə həyata keçiriləcək".

"AzeDer" təşkilatının sədr müavini A. Məmmədov təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək bildirib ki, təşkilat baş qərargahı İstanbulda yerləşən təhsil, mədəniyyət və həmrəylik adına Azərbaycan üçün çalışmağı qarşısına məqsəd qoyan ünsiyyət və fəaliyyət məkanı olan azərbaycanlı gənclərin platformudur: " "AzeDer" azərbaycanlı gənclərin Azərbaycanın maraqlarına, gələcəyinə öz tövhəsini verə bilməsi və bununla yanaşı gənclərin özünü inkişaf etdirə bilməsi üçün qurulan təşkilatdır. Fəaliyyətə başladığımızdan bu günə qədər "AzeDer"in başlatdığı proqramla Avropa Parlamentində 30-dan çox həmvətənimiz staj keçib. Bu gün imzalanan sazişə əsasən ilin sonuna kimi 2 mərhələdə "ASAN xidmət"in əməkdaşları xaricə göndərə biləcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə