Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə atıcılıq turnirinə start verilib

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə atıcılıq turnirinə start verilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nərimanov rayonunda silsilə tədbirlər keçirilir. SİA-nın məlumatına görə, bu əlamətdar hadisə ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Gənclər Birliyi tərəfindən Nərimanov rayon ərazisində yerləşən ali məktəblərin tələbələri arasında atıcılıq turnirinə start verilib. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında turnirin açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı bildirib ki, hər il Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində gənclər arasında müxtəlif yarışlar keçirilir. Azərbaycanda sağlam gənc nəslin formalaşmasında Ulu öndərin rolundan bəhs edən Y.Babanlı ölkəmizdə dövlət gənclər siyasətinin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Turnirlə əlaqədar Y.Babanlı qeyd edib ki, Nərimanov rayon ərazisində yerləşən ali məktəblərin tələbələrindən ibarət 8 komanda mübarizə mübarizə aparacaq. Hər komanda 3 nəfərdən ibarətdir. May ayının 2-də isə turnirin finalı olacaq və qaliblərə mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili Ağacan Abiyev turnir iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanda idman sahəsinin sürətlə inkişaf etdiyini deyən A.Abiyev bildirib ki, bu sahənin də inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Millət vəkili gənclərə Ümummilli lider Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyi tövsiyə edib. Atıcılıq turnirinin əhəmiyyətindən danışan A.Abiyev müharibə şəraitində olan ölkəmizin bacarıqlı atıcılara ehtiyac olduğunu deyib. Onun fikrincə, bu turnir də gənclərin atıcılığa marağını artıracaq: "Bütövlükdə Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bütün tədbirlər əlamətdardır. Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Bunun nəticəsində ölkəmizdə bütün sahələr, o cümlədən idmanın inkişafı böyük vüsət alıb. Azərbaycan artıq dünyanın nüfuzlu idman ölkəsi kimi tanınır".

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov hazırda ölkəmizin bütün guşələrində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirlərin keçirildiyini bildirib: "Müstəqilliyin ilk illərində dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Belə turnirlər gənclərin həyatında yaddaqalan hadisələrdəndir. Atıcılıq turniri gələcəkdə Bakı şəhərinin digər rayonlarında da keçirilməsi zəruridir".

Tədbirdə həmçinin çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib ki, müstəqil dövlətimiz məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir: "Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır. Ölkəmizin inkişafı məhz Ulu öndərin müəyyənləşdirdiyi siyasət nəticəsində baş verir. Təbii ki, həmin siyasətdən gənclərimizə də pay düşür. Gənclərin isə öz növbələrində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasətin yerlərdə icrası işində yaxından iştirak etməlidirlər".

T.Tağıyev YAP Nərimanov rayon təşkilatının Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirdiyini vurğulayıb.

Nərimanov rayonunda da dövlətin gənclər siyasətinin yüksək səviyyədə həyata keçirildiyini deyən rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov deyib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələdə inkişaf edir: "Belə turnirlərin keçirilməsi dövlət qayğısından qaynaqlanır. Gələcəkdə belə tədbirlərin Şuşada, Xankəndində keçirilməsini arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə