Hər il aprelin 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrdə XX əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş verən qəzanın ildönümü qeyd olunur. SİA-nın xəbərinə görə, bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı AVMVB Səbail rayon təşkilatının "Şəhidlər Xiyabanı"ndakı qərargahında Səbail rayon İcra Hakimiyyəti rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olan rayon sakinlərinin ənənəvi görüşü keçirilib.
Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçı Asif Əsgərov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub: "Hadisə nəticəsində 7 min insan həlak olub, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. Ukrayna və Belorusiyada 300 min nəfər öz yaşayış yerlərini tərk ediblər. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan "Sarqofaq" əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunub. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüblər. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan toxunub. Hadisədən artıq 28 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.
Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak edən və həmin qəzadan zərər çəkən vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalayıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artıb. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri ölkə başçısı İlham Əliyevin səyləri nəticəsində artırılmış, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir".
Toplantıda qeyd olunub ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak edən 96 nəfərin 46-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilən təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son 2 il ərzində rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 1 nəfər minik avtomobili ilə təmin olunmuş, 40 nəfər sanatoriyaya göndərilmiş, bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılıb. Respublikamızda radiasiya şüalanmasından əziyyət çəkən vətəndaşlar üçün Mingəçevir şəhərində xüsusiləşdirilmiş müalicə mərkəzinin yaradılması və Bakı şəhərində Çernobılçular üçün yaşayış binasının tikintisinə qərar verilməsi Çernobıl əlilləri tərəfindən müsbət qarşılanıb.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB