Dünən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü ilə yeni, gözəl bir ənənənin əsası qoyuldu. SİA-nın məlumatına görə, şəhər sakinləri Əli Rzayevlə Aytən xanım bu ənənənin ilk qaranquşları oldular. Onların nikahı Gəncə şəhərinin möhtəşəm Heydər Əliyev Mərkəzində qeydə alınıb.
Bu münasibətlə düzənlənən təntənəli mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Kəpəz və Nizami rayon Qeydiyyat Şöbələrinin kollektivləri, ziyalılar, yeni nikaha daxil olan gənclərin valideynləri, qohumları, KİV nümayəndələri iştirak ediblər.
Nizami rayon Qeydiyyat Şöbəsinin müdiri Şəlalə Cəfərova mərasimi giriş sözü ilə açaraq nikah məqamının hər iki gəncin həyatında çox məsuliyyətli və şərəfli an olduğunu bildirib. Daha sonra cütlüyə nikah şəhadətnaməsi təqdim olunub.
Şəhər İcra Hakimiyyəti ümumi şöbənin müdiri Flora Zeynalova hər iki gənci şəhər rəhbərliyi adından təbrik edib, onların müqəddəs ziyarətgah olan Heydər Əliyev Mərkəzində qeydə alınan nikahlarının uğurlu və uzunömürlü olmasını arzulayıb. Gəncənin tarixində gənclər üçün ilk dəfə belə bir ənənənin həyata keçirildiyini vurğulayan Flora Zeynalova gənclərin birgə ömür yollarına möhtəşəm Heydər Əliyev Mərkəzindən qoşa addım atdıqlarını, ailə ocağının ilk nurunu buradan aldıqlarını və axıradək xoşbəxt, bəxtiyar həyat sürəcəklərinə əminliyini bildirib. Şəhər rəhbərliyi tərəfindən hədiyyə edilən bəxt üzükləri və qiymətli xalça musiqi sədaları altında gənclərə təqdim olunub.
Yeni evlənən gənclər də öz növbələrində onlara yaradılan yüksək şəraitə görə, şəhər rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB