Qadın sahibkarlığının inkişafı üzrə beynəlxalq konfrans keçirilib FOTO
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üzrə Xüsusi Proqram (SPECA) çərçivəsində qadın sahibkarlığının inkişafı üzrə beynəlxalq konfrans keçirib. SİA-nın xəbərinə görə, konfransda Belarus, Gürcüstan, Rusiya, Almaniya, Türkiyə, İordaniya, Latviya, Litva, Fransa, Mərakeş, Qətər, Əfqanıstan, Türkmənistan dövlətlərinin və Ərəb Sahibkar Qadınlar Şurasının nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, ölkədəki sahibkar qadınların sayı daha da artmalıdır: "Bunun üçün lazimi şərait də var. Azərbaycanda sahibkarların 17 faizini qadınlar təşkil edir. Azərbaycanda sahibkar qadınlar iqtisadiyyatın bütün sahələrində çalışırlar. İqtisadi asılılığı olan qadınların zorakılığa məruz qalma halları da çox olur. Buna görə də qadınlar mümkün qədər çox çalışaraq özlərinin iqtisadi asılılıqlarını azaltmalıdırlar".
Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradıldığını deyən H.Hüseynova qeyd edib ki, ötən il ərzində ölkədə 430 sahibkar qadına 9 milyon manatdan çox kredit verilib.
Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışında deyib ki, qadın sahibkarlığının inkişafı ölkə iqtisadiyyatının inkişafını təmin edən amillərdəndir. Bunun üçün dövlət tərəfindən də müəyyən addımlar atılmalıdır. O bildirib ki, Azərbaycan dövlətinin yaratdığı şərait qadın sahibkarlığının inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə region ölkələrinin də təcrübəsinin öyrənilməsi və uğurla tətbiqi əhəmiyyətlidir.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova vurğulayıb ki, ölkədə həyata keçirilən tədbirlər nəticəsində son illərdə qadın sahibkarların sayı artıb: "Ötən il ərzində fərdi sahibkarların sayı 5,2 faiz artaraq 455 min nəfərə çatıb ki, onların da 17,9 faizini qadınlar təşkil edir. Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarlar əsasən yüngül sənaye, tikiş sənayesi, xalçaçılıq, tətbiqi incəsənət, xalq sənətkarlığı, elm və təhsil, yeyinti sənayesi, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində çalışırlar".
Qeyd edək ki, konfrans "Qadın sahibkarlar və biznes razılaşmaları: müxtəlif istiqamətlər", "Qadınlar və sosial sahibkarlıq: regionlarda sosial təcridetmə", "Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram ölkələrində Potensial İnkişaf üzrə ehtiyaclar" mövzularında müzakirələrlə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB