İşəgötürənlərə tətbiq olunan cərimələrin məbləği 14,1 dəfə artıb

İşəgötürənlərə tətbiq olunan cərimələrin məbləği 14,1 dəfə artıb

"Son vaxtlar Azərbaycanda işçi hüquqlarının təminatına, o cümlədən əməyin mühafizəsi standartlarının tətbiqinə dövlət nəzarəti xeyli gücləndirilib". SİA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün 28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan "İş yerində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi" mövzusunda keçirilən konfransda çıxışında belə deyib.

Onun sözlərinə görə, təkcə cari ilin birinci rübündə həyata keçirilən dövlət nəzarəti zamanı əmək qanunvericiliyinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub: "Həmçinin bu rəqəm ümumən son iki ildə tətbiq olunan müvafiq cərimələrin ümumi məbləğinə bərabərdir. Əsas məqsəd ondan ibarətdir ki, işəgötürənlərdə əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi insanların əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissi artırılsın. Bununla yanaşı, işəgötürənlər arasında müvafiq məlumatlandırma işləri də aparılır. Onlarla birgə tədbirlər keçirilir və qanunvericiliyin tələbləri onlara izah olunur".

Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi məsələsinin son dərəcə aktual olduğunu vurğulayan nazir iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılmasına başlandığını bildirib: "Bakıda Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Laboratoriyasının tikintisi nəzərdə tutulur. Digər bölgələrdə də belə laboratoriyalar yaradıla bilər. Onlarda olan ən müasir avadanlıqlar istehsal sahələrində işçilərin sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji amilləri öyrənməyə imkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə