28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar konfrans keçirilib

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar konfrans keçirilib

Bu gün 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Ümumdünya Əməyin Mühafizəsi gününün təsis olunmasının dünya ictimaiyyətinin diqqətinin əməyin mühafizəsi kimi aktual bir məsələyə cəlb edilməsi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda əməyin mühafizəsi dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir: "Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ təsbit olunub, əmək və istirahət hüquqlarının əsasları müəyyən olunub. Məhz Ulu Öndərin müvafiq Fərmanı ilə 1997-ci ildə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi yaradılıb, 1999-cu ildə isə MDB-də ilk dəfə olaraq Azərbaycanda Əmək Məcəlləsi qəbul edilib".

Azərbaycan Prezidenti cənab İlham Əliyevin işçi vətəndaşların hüquqlarının müdafiəsinə xüsusi diqqət və qayğısının bu sahədə aparılan siyasətin ilbəil güclənməsinə şərait yaratdığını vurğulayan S. Müslümov bildirib ki, dövlət başçısının Fərmanına əsasən Dövlət Əmək Müfəttişliyinin bazasında Əmək və

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılmaqla, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın statusu artırılıb. Bu da əmək hüquqlarının təminatının ölkədə aparılan sosial siyasətin əsas komponentlərindən biri olduğunu göstərir.

Ötən müddətdə Azərbaycanın əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində aparılan işlərdən söz açan S.Müslümov bildirib ki, bu sahədə BƏT-lə fəal əməkdaşlıq həyata keçirilir: "BƏT-in əməyin mühafizəsi ilə bağlı mütərəqqi dəyərləri əks etdirən Konvensiyaları ölkəmiz tərəfindən qəbul olunub və milli qanunvericilik bu Konvensiyalardan irəli gələn prinsiplərə uyğunlaşdırılıb".

S. Müslümov nəzərə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının icrası üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın hazırlanması nəzərdə tutulub: "Aidiyyəti dövlət orqanlarının və sosial partnyorların iştirakı ilə Strategiyanın layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Layihədə təhlillər əsasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə əsas məqsədlərə çatmaq üçün perspektiv tədbirlər əksini tapıb. Belə tədbirlərdən biri kimi, respublikada yaxın gələcəkdə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, eləcə də əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulur. Strategiya üzrə əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi, işçilərin sağlamlığının qorunması məqsədilə onların icbari tibbi sığorta olunmalarına dövlət və ictimai nəzarətin gücləndirilməsi işləri də aparılacaq. Bununla yanaşı, əməyin mühafizəsi və gigiyenası sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi kimi tədbirlər də həmin strategiyada qeyd olunub".

Nazir əmək hüquqlarının etibarlı müdafiəsi mexanizminin yaradılması istiqamətində həyata keçirilən islahat tədbirlərini də diqqətə çatdırıb: "Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin Fərmanının icrası ilə əlaqədar, əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sistemi cari il iyulun 1-dən tətbiq olunacaq. Bu sistem bizə iş yerlərində əməyin mühafizəsi məsələlərinə də daha güclü nəzarət etmək imkanı verəcək".

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının AHİK-in əsas fəaliyyət prinsiplərindən biri olduğunu deyib və təşkilatın bu istiqamətdə fəaliyyəti, onun nəticələri barədə məlumat verib. Sosial tərəfdaş olaraq ƏƏSMN ilə əməkdaşlıq əlaqələrinin diqqətdə saxlanıldığını qeyd edən S. Mehbalıyev əməyin mühafizəsi sahəsində birgə səylərin daim güclənəcəyini bildirib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dinamik iqtisadi tərəqqi tempinə malik Azərbaycanda özəl sektora dövlət qayğısından söz açaraq, işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmasının hər bir işəgötürən üçün ilk növbədə mənəvi borc olduğunu bildirib. Əməyin mühafizəsinin eyni zamanda hər bir müəssisənin iqtisadi mənafeyi üçün də vacib olduğunu vurğulayan M. Musayev rəhbəri olduğu təşkilatın bu yöndə gördüyü işləri diqqətə çatdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə konfransın mövzusuna uyğun olaraq, iş yerlərində kimyəvi maddələrdən istifadə halları və belə hallarda işçilərin həyat və sağlamlığına yönələ biləcək mənfi təsirlər, habelə bu təsirlərdən qorunmaq üçün zəruri mühafizə vasitələri barədə geniş təqdimatla çıxış edib. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində görülən işlərdən söz açan F. Əlizadə iş yerlərində yol verilən hüquq pozuntularının bir hissəsinin də əməyin mühafizəsi tələblərinə riayət edilməməsindən irəli gəldiyini qeyd edib: "Bu ilin birinci rübündə əmək qanunvericiliyinin pozulması halları ilə bağlı işəgötürənlərə tətbiq olunmuş cərimələrin 34 faizi dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 21 dəfə, hətta son üç il ərzində ödənilmiş cərimələrin məbləğindən 40 faizədək çoxdur".

F. Əlizadə iqtisadiyyatın sahələri üzrə cərimələrin əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və rabitə, emal sənayesi və s. sektorlarda tətbiq olunduğunu diqqətə çatdırıb. Xidmət rəisi uşaq əməyinin istismarının və məcburi əməyin qarşısının alınması sahəsində aidiyyəti təşkilatlarla həyata keçirilən əməkdaşlıq barədə də məlumat verib.

Konfransda digər çıxış edənlər əməyin mühafizəsi sahəsində müsbət meyllərin mövcud olduğunu qeyd edərək, bir çox iş yerlərində bu sahəyə hələ də biganə münasibətin qaldığını bildiriblər.

Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə