Azərbaycandakı sahibkarların 17 faizini qadınlar təşkil edir. SİA-nın xəbərinə görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə xüsusi proqram çərçivəsində qadınlar arasında sahibkarlığın inkişafı üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, ölkədə sahibkar qadınların sayı daha da artmalıdır.
Bunun üçün ölkədə lazımi şəraitin olduğunu dilə gətirən H.Hüseynova vurğulayıb ki, Azərbaycanda sahibkar qadınlar iqtisadiyyatın bütün sahələrində çalışırlar:"İqtisadi asılılığı olan qadınların zorakılığa məruz qalma halları da çox olur. Buna görə də qadınlar mümkün qədər çox çalışaraq özlərinin iqtisadi asılılıqlarını azaltmalıdırlar. Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şərait yaradılıb. Ötən il ərzində ölkədə 430 sahibkar qadına 9 milyon manatdan çox kredit verilib".
Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, qadınlar arasında sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının inkişafını təmin edən amillərdəndir.
Onun sözlərinə görə, bunun üçün dövlət tərəfindən də müəyyən addımlar atılmaqdadır: "Azərbaycan dövlətinin yaratdığı şərait qadınlar arasında sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə region ölkələrinin də təcrübəsinin öyrənilməsi və uğurla tətbiqi əhəmiyyətlidir".
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB