Səlim Müslümov: "Nazirin gözünün qarşısında belədirsə, görün başqa yerlərdə vəziyyət necədir?"
"Cari ilin birinci rübündə əmək qanunvericiliyin pozulması ilə bağlı işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən illə müqayisədə 14,1 dəfə çox olub". SİA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün 28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan "İş yerində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi" mövzusunda keçirilən konfransda çıxışında belə deyib.
Onun sözlərinə görə, Azərbaycanda işçi hüquqlarının təminatına, o cümlədən əməyin mühafizəsi standartlarının tətbiqinə dövlət nəzarəti son vaxtlarda xeyli gücləndirilib: "Əsas məqsəd işəgötürənlərdə əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi insanların əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissi artırılmasından ibarətdir. Əlbəttə, bu cərimələrin çox olması heç də sevindirici hal deyil. Çünki bu onu göstərir ki, kütləvi şəkildə əmək qanunvericiliyinin pozulması halları yerlərdə baş verir və Dövlət Əmək Müfəttişliyi məcbur olub belə cərimələr tətbiq edir. Ona görə də düşünürəm ki, qeyri-hökumət təşkilatları dünyanın hər yerində olduğu kimi daha səmərəli və daha çox əhatəli şəkildə bu proseslərdə iştirak etmələri cəmiyyət üçün daha səmərə verə bilər. Yaxşı olardı ki, məhz əməyin mühafizəsi və əmək təhlükəsizliyi məsələri üçün Dövlət Əmək Müfəttişliyinin ayrıca Qaynar Xətti yaradılsın. Belə halları hansı təşkilat və ya fiziki şəxs gördüyü halda Qaynar xəttə məlumat versin. Qeyri-hökumət təşkilarlarının iştirakı ilə yaradılmış qurum vasitəsilə dərhal bu hallara reaksiya verilsin".
Əməyin mühafizəsi ilə bağlı özünün şahidi olduğu hadisəni qeyd edən Səlim Müsümov deyib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə üzbəüz 17-18 mərtəbəli bina inşa olunur: "Mən baxıram ki, bir gün fəhlərlə formalarını geyir, kaskalarını taxırlar, ikinci gün heç bir şey yoxdur. Üçüncü gün bellərində kəmərləri var, amma dördüncü gün yoxdur. Buna görə də mən dərhal tapşırıq verdim ki, iş dayandırılsın və göstəriş verilsin. Nazirin gözünün qarşısında belədirsə, görün başqa yerlərdə vəziyyət necədir? Ona görə də cəmiyyət olaraq hamımız belə proseslərin qarşısını almaq üçün daha yaxından içtirak etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB