Hacıağa Əliyev: “Aviasiyamızın sürətli inkişafı dövlətimizin başçısının diqqəti və qayğısı nəticəsində mümkün olub”

Hacıağa Əliyev: “Aviasiyamızın sürətli inkişafı dövlətimizin başçısının diqqəti və qayğısı nəticəsində mümkün olub”

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mülki aviasiyada mühüm irəliləyişlər baş verdi. Ulu öndərimiz Heydər Əliyevin tövsiyələrinə əsasən, təyyarə parkının müasirləşdirilməsinə istiqamət götürüldü və beləliklə, çox böyük olmayan vaxt ərzində - 1993-cü ildən başlayaraq "Boeinq-727", "Boeinq-757", "A-320", "Gulfstream", "ATR-72", "EC-155", "S-92", son üç ildə "Agusta -199" helikopteri, "Boeinq-767", "Boeinq-747-400", "Embraer"-170/190", "A-340" hava gəmiləri Azərbaycanın təyyarə parkına daxil edilmişdir və eyni zamanda, onların texniki xidməti də təşkil olunmuşdur. 2014-cü ildə ən müasir, uçuş kütləsi 442 ton olan "Boeinq-747-8" təyyarəsinin gəlməsi gözlənilir. "TU-134" və "TU-154" kimi köhnəlmiş texnika artıq istismardan tam xaric edilmişdir". Bunu Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktor müavini Hacıağa Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı mərasimində deyib.
Aviasiyamızın sürətli inkişafının ilk növbədə dövlətimizin başçısının diqqəti və qayğısı nəticəsində mümkün olduğunu bildirən Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktor müavini Hacıağa Əliyev deyib: "Belə bir müsbət cəhəti də qeyd etmək lazımdır ki, bu hava gəmilərini idarə edən pilotların, kapitanların, gənc nəslin çox hissəsi bizim Milli Aviasiya Akademiyasının müdavimləridir. Akademiyamız pilotlardan əlavə, aviasiyanın tələb edilən bütün sahələri üzrə mütəxəssislər hazırlayır. Akademiyada ən son standartlara cavab verən "A-320", "Boeinq-767", "ATR 72", "İL-76", "Mİ-8" hava gəmilərinin trenajorları quraşdırılıb və regionda tələb edilən "Embraer" təyyarəsinin və "Sikorski" helikopterlərinin trenajor komplekslərinin qurulması nəzərdə tutulub.
Fürsətdən istifadə edərək, mən bir pilot kimi bütün cavabdehliklə deyə bilərəm ki, respublikada inşa edilən yeni aeroportlarımız da ən yüksək tələblərə uyğundur. Bütün bu son nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və respublikamızın Prezidenti cənab İlham Əliyevin düzgün strategiyasının nəticəsidir. Azərbaycan aviasiyasının sürətli inkişafı ilk növbədə respublikamızın rəhbərliyinin diqqəti və qayğıkeşliyi nəticəsində mümkün olmuşdur.
İcazə verin, bu gün, aviasiya və aviasiya işçilərinə göstərilən diqqət və qayğıya görə Sizə əməkdaşlarımız adından öz minnətdarlığımı bildirim və bir daha Sizi əmin edim ki, bizə etibar edilən avadanlığın və texnikanın düzgün istismarını təmin edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə