“Azərbaycanın yəhudi irsi gizli xəzinədir”

“Azərbaycanın yəhudi irsi gizli xəzinədir”

Amerikada çıxan nüfuzlu "Huffington Post" qəzetində "Faith Matters" qeyri-hökumət təşkilatının direktoru Fiyaz Muğalın "Azərbaycanın yəhudi irsi gizli xəzinədir" sərlövhəli məqaləsi dərc edilib.
Müəllif yazır ki, yaxın keçmişdə Azərbaycanın adı yalnız Dağlıq Qarabağ münaqişəsi kontekstində xatırlanırdı. Lakin əlverişli iqtisadi inkişaf nəticəsində Azərbaycan özü də, onun imici də transformasiyaya məruz qalıb. F.Muğal yazır ki, Azərbaycandan söhbət düşəndə bu ölkədə müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması məsələsi xüsusi maraq doğurur. Onun sözlərinə görə, yaxın vaxtlara qədər çoxları bilmirdi ki, Azərbaycanda 10 min nəfərlik yəhudi icması var. Onlar əsasən ölkənin dağlıq rayonlarında, xüsusən Qubada yaşayırlar. Yəhudilərin burada məskunlaşması eramızdan əvvəl 500-cü ildən hesablanır: "Azərbaycanlılarla söhbət etsəniz görərsiniz ki, onlar öz ölkələrində sayca çox olmayan yəhudilərlə fəxr edirlər. Çoxları Albert Aqarunovu – yəhudi mənşəli Azərbaycan milli qəhrəmanını nümunə göstərəcək".
Azərbaycanda aşkenazi yəhudiləri də var. Onlar hələ XIX əsrdə Bakı kimi sənaye mərkəzlərində məskunlaşıblar. Müəllif yazır ki, aşkenazi yəhudilərinin çoxu əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycana Rusiyada yəhudilərə qarşı talanlardan sonra məskunlaşıb. Məsələn, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk səhiyyə naziri aşkenazi yəhudiləri birliyinin üzvü olub.
F.Muğal daha sonra Bakı və Hayfa şəhərlərinin qardaşlaşması barədə yazır, qeyd edir ki, 1970-ci və 1990-cı illərdə Azərbaycandan köçüb getmiş yəhudilərin çoxu hayfada məskunlaşıb. Onlar öz vətəni ilə möhkəm əlaqə qurub, bu isə iki dövlət arasında ticarətin və turizmin inkişafına şərait yaradıb. Bakı-Təl-Əviv birbaşa aviareyslər Azərbaycan ilə İsrail arasında əlaqələrin möhkəmlənməsinə parlaq sübutdur. Bundan əlavə, Azərbaycan rəhbərliyi ikitərəfli münasibətlərin inkişafına və Azərbaycanda müxtəlif dinlərin dinc yanaşı mövcudluğunun təmin edilməsinə böyük töhfə verir. Məsələn, Azərbaycan hökuməti Bakıdakı köhnə kilsə və sinaqoqların yenidən qurulmasını, bu tipli yeni obyektlərin tikintisini maliyyələşdirib. Həmin sinaqoqlardan biri Avropada ən böyük sinaqoqlardan hesab edilir.
Müəllif məqalənin sonunda qeyd edir ki, Azərbaycan Amerika cəmiyyətinin diqqətinə layiqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə