Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələrin təşkili layihəsi çərçivəsində "Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu" adlı növbəti tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə dövlət qurumlarının nümayəndələri, universitetin müəllim və tələbə heyəti, QHT və KİV nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan universitetin prorektoru prof. Vilayət Əliyev ilk öncə universitetin rektoru prof.Yusif Məmmədovun adından iştrakçıları salamladı. Belə tədbirlərin keçirilməsinin təhsilin və vətəndaş cəmiyyətinin inkişafında çox böyük əhəmiyyətini qeyd edib.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək iştirakçıları və qonaqları salamladı, bu layihənin həyata keçirilməsinə dəstək verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyinə minnətdarlığını bildirib. Daha sonra layihə haqda ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycanın gələcək inkişafını təmin edən bu proqramdan əhalinin xəbərdar olması, bütün ictimaiyyətin məlumatlandırılması, geniş kütlələrin bu müzakirəyə cəlb olunması, yüzlərlə vətəndaşın, mütəxəssisin, dövlət məmurunun, QHT və media nümayəndələrinin, alimlərin bu müzakirələrdə iştirak etməsi, bu Konsepsiyanın mahiyyətinin geniş ictimai dairələrə çatdırılması Konsepsiyanın daha effektli və səmərəli qəbul edilməsini təmin edən amillərdəndir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Bakı şəhəri, Quba və Qəbələ rayonlarında bir çox tədbirlər keçiriləcək.
Daha sonra Azərbaycan Respublikası Təhsil Şurasının sədri prof. Əjdər Ağayev "Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu" mövzusunda məruzə ilə çıxış edərək vətəndaş cəmiyyətinin inkişafı və təhsildə aparılan islahatlar, qəbul olunan Dövlət proqramlarının əhəmiyyəti və mahiyyətindən danışıb, bir sıra təkliflər irəli sürüb.
Milli Məclisin deputatı professor Musa Qasımlı vətəndaş cəmiyyəti quruculuğunda və təhsil sistemində dövlət siyasəti, əldə olan nailiyyətlər və görülən işlər, bundan irəli gələn aktual məsələlər barədə öz fikirlərini bildirib. M.Qasımlı belə tədbirlərin keçirilməsini vətəndaş cəmiyyəti və təhsilin inkişafında böyük rolu olduğunu bildirib.
"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrail İsgəndərov növbəti təqdimatı edərək vətəndaş cəmiyyətinin inkişafında təhsilin aparıcı rola malik olduğunu və bununla əlaqədar olaraq ali təhsil müəssisələrində vətəndaş cəmiyyəti ilə bağlı tədris proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Təhsil Nazirliyinin QHT-lərlə iş üzrə sektor müdiri Cəsarət Valehov Milli QHT Forumu tərəfindən bu tədbirin keçirilməsini müsbət qiymətləndirib, təhsilin və vətəndaş cəmiyyətinin ayrılmaz məfhum olduğunu qeyd edərək Təhsil Nazirliyinin bu istiqamətə çox böyük üstünlük verdiyini vurğulayıb.
Sonda QHT nümayəndələri mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB