Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya aprelin 23-dən 54 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 445 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, 9 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 20 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir. Komissiyadan SİA-ya verilən xəbərə görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 326-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 99-u isə məhkəmə orqanlarının aparatındadır.

Ümumin müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 19-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 1-i birinci instansiya məhkəmə orqanının aparatındadır.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı - 15 test tapşırığı;

2. qanunvericilik sahəsində - 40 test tapşırığı;

3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;

4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 23 aprel 2014-cü il tarixdən 22 may 2014-cü il tarixdə saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron və ya şəxsən və poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 23 aprel 2014-cü il tarixdən 12 may 2014-cü il tarixdə saat 18:00 dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat "Respublika" qəzetinin 23 aprel 2014-cü il tarixli sayında və 23 aprel 2014-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) veriləcək.

Qeyd edək 1 aprel tarixdə 18 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 442 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqə üzrə 1276 namizəd (22 aprel tarixə olan məlumat) qeydə alınıb. Müsabiqə üzrə qeydiyyat aprelin 30-u saat 18:00-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə