Kamal Abdullanın "Dilçiliyə səyahət - dilçi olmayanlar üçün dilçilik" kitabı qırğız dilinə tərcümə edilir. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovun SİA-ya verdiyi məlumata görə, onun rəhbərlik etdiyi Fondunun sifarişi ilə kitabı qırğız dilinə tanınmış şair və tərcüməçi Mukan Asanaliyev və Bekten Dıykanbay tərcümə edirlər.
Bu ilin iyun ayında nəşri nəzərdə tutulan kitabın təqdimat mərasimi iyul-avqust aylarında yazıçının Bişkekdə qırğız dilində nəşr edilmiş "Yarımçıq əlyazma" romanı ilə birgə nəzərdə tutulur. Xatırladaq ki, bu ilin mart ayında Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov, Qırğız Respublikası Joqorku Keneşinin (Parlamentinin) səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Damira Niyazaliyeva, büdcə və maliyyə komitəsinin sədr müavini Kubanıçbek Tumanov və başqaları Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla ilə görüşmüşlər.
Görüş zamanı qırğız dilinə tərcümə olunmuş "Yarımçıq əlyazma" romanı müəllifə təqdim edilmiş, qarşılıqlı əlaqələrin inkişafı, Kamal Abdullanın "Dilçilyə səyahət" kitabının da qırğız dilinə tərcüməsi və s. məsələlər müzakirə olunmuşdur. Həmçinin Kamal Abdulla "Yarımçıq əlyazma" romanının Qırğızıstan Parlamenti və Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun dəstəyi ilə keçiriləcək təqdimat mərasiminə dəvət olunmuşdur. Müəllif dəvəti qəbul etmışdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB