Komitə sədri: "Bələdiyyə üzvü seçilən qadınların sayı 4194 nəfərə çatıb"
"Gündən-günə yerli siyasətdə qadınların təmsilçiliyi daha da artır və bu bizi çox sevindirir. Qadınların yerlərdə qərar qəbul etmək prosesində iştirak etməsi problemi bütün dünyada aktuallıq kəsb edir. Təbii ki, Azərbaycanda da buna xüsusi fikir verilir". SİA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə DAYAQ Mentorluq proqramı çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda qadın siyasəti artıq dövlət siyasətinə çevrilib: "Bunun da real izahı var. Belə ki, son illər ərzində Azərbaycanda makroiqtisadi sabitliyə nail olunub. Bu da qdınların və kişilərin bütün sahələrdə hüquq bərabərliyinin eyni olmasından irəli gəlir. Cəmiyyətin hər sahəsinin uğurlu inkişafında digər faktorla yanaşı gender elementinin nəzərə alınması və adekvat qiymətləndirilməsi olduqca önəmlidir. Məlumdur ki, qadınların seçki orqanlarında iştirakı bərabər hüquqlu cəmiyyət yaradır. Bir çox ölkələrdə bu məsələni qaldıranda ki, Azərbaycanda qadınlar bu hüququ 1918-ci ildə qazanıblar, onda hər kəs çox təəccüblənir. Çünki həmin vaxtda dünyanın az ölkələrində bu hüquqları məhz qadınlar qazanmışdı. Azərbaycanda bu ənənə daha da güclənir".
O həmçinin qeyd edib ki, əgər 1990-ci ildə bütün millət vəkillərinin 4, 3 faizini, 2010-cu ildə isə 4,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16 %-ə çatıb: "Bələdiyyə üzvü seçilən qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 4194 nəfərə çatıb. Bələdiyyə üzvləri arasında isə qadınların xüsusi çəkisi 26, 7 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4 faiz təşkil edib. Nailiyyətlərimizdən biri də budur ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə bütün icra strukturlarında müavin səviyyəsində son 2 ildə faizlər əvvəlki illərə nisbətən daha çox artıb".
Dövlətin əsas məqsədinin qadınların cəmiyyətdə daha aktiv iştirak etməsinin olduğunu deyən komitə sədri bildirib ki, bu istiqamətdə bir sıra əhəmiyyətli layihələr həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB