Ötən gün Xətai Rayon İcra Hakimiyyəti (RİH) 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair tədbir keçirib. Hesabat məruzəsi ilə çıxış edən Xətai RİH başçısı Razim Məmmədov bildirib ki, ötən dövrdə rayonun iqtisadi göstəriciləri yüksək olub. Belə ki, ötən rübdə rayonun iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər təhlil edilərkən müəyyən olunub ki, rayonda məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafı təmin olunub, onlara mütənasib olaraq rayonda sosial məsələlər uğurla həll edilib. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.8 faiz çoxalaraq 561.2 manata, sənaye müəssisələrində 13.4 faiz artaraq 629.5 manata, nəqliyyat müəssisələrində çalışanlaran əmək haqqı 11.8 faiz artaraq 856.5 manata, tikinti kompleksində 38,6 faiz artaraq 833.3 manata çatıb.
Hesabat dövründə 1238 yeni iş yeri yaradılıb ki, bunun 185 nəfəri yeni yaradılmış müəssisələrdə, 166 nəfəri mövcud müəssisələrdə, 45 nəfəri fəaliyyətini bərpa etmiş müəssisələrdə, 842 nəfəri isə fiziki şəxslər tərəfindən yaradılıb. Rayonda əhalinin maddi-rifah halının davamlı olaraq yüksəlməsinə, vətəndaşların etibarlı sosial müdafiəsinin təşkilinə diqqət artırılıb. Birinci rübdə 25968 yaşa, 8231 əlilliyə, 2347 nəfər ailə başçısını itirməyə görə olmaqla cəmi 36546 nəfər əmək pensiyaçısı qeydiyyatda olub.
R.Məmmədov qeyd edib ki, rayonda Bakı Ağ Şəhər layihəsinin inşaası hesabat dövründə sürətlə aparılıb. Boks Federasiyasının İdman Kompleksinin tikintisi davam etdirilib. Fransız məktəbinin tikintisində, Yeni Ağ Şəhər bulvar kompleksinin salınmasında işlər sürətləndirilib. Abadlaşdırma layihələri çərçivəsində Nobel prospekti, Fəzail Bayramov və A.Cəlilov küçələri boyunca yaşayış binalarının fasadlarının üzlənməsi davam etdirilib, binaların işıqlandırma işləri başa çatdırılıb.
Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması qarşıda duran mühim məsələlərdən olub. Bu məsələlərin əhəmiyyəti nəzərə alınaraq rayonda yaşıllıq sahələrinin genişləndirilməsi üçün ayrıca proqram hazırlanaraq həyata keçirilməyə başlanıb. Cari ilin əvvəlindən həyata keçirilməyə başlanan 2-ci yaşıllaşdırma proqramına uyğun olaraq Azadlıq prospekti Hava Limanı istiqamətində yəni Nobel prospeki boyunca yaşıllaşdırma işlərinə başlanılıb. Magistiral yolun kənarında istinad divarları tikilib,
torpaq daşınaraq yayılıb, 41,0 min kv.m hazırlanmış ərazidə yaşıllıq massivləri salınıb. Yaşıllaşdırılan ərazilərin suvarılması üçün iki mənbədən 1080 p\m müxtəlif diametrli suvarma xəttləri çəkilib. İlin ilk iki ayında Türkiyədən gətirilmiş 150 mindən çox gül və ağacın digər bir qismi Heydər Əliyev parkında, Rahib Məmmədov küçəsindəki yeni parkda, Nobel prospekti Zığ yolu, Yusif Səfərov və Ramiz Quliyev küçələrinə əkilərək bu ərazilərə xüsusi gözəllik verib.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının Xətai rayonunda icrası bu ilin birinci rübündə də uğurla davam etdirilib. Dövlət Proqramı ilə 6 uşaq bağçasında işlər başa çatdırılıb və uşaq baxçaları fəaliyyətə başlayıb, digər 6 uşaq bağçasında isə təmir davam etdirilir. Yeni qəbul edilmiş Dövlət proqramı ilə digər uşaq bağçalarının, məktəblərin təmirində iş aparılır. Hazırda Dövlət Proqramına uyğun 194 nömrəli məktəbin yeni, müasir standartlara cavab verən binasının inşası, 63 saylı məktəbdə əlavə tədris korpusunun tikintisi işləri, 171 saylı orta məktəbdə yeməkxana və akt zalının, 48 və 56 saylı orta məktəblərin əsaslı təmiri davam etdirilir.
Rayonun xidmət təsərrüfatının normal fəaliyəti, mənzil fondunun qorunub saxlanılması, təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində gündəlik işlər aparılıb, bu sahəyə aid tapşırıqlar icra olunub, yeni, müasir dirəklər quraşdırılaraq bir sıra küçə və prospektlərin işıqlandırılması təmin edilib. Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində küçələrə, məhəllədaxili yol və səkilərə, dalan və döngələrə 9300 kv.m asfalt örtüyü vurulub və 4500 p/m bardür qoyulub.
Xətai RİH başçısı vurğulayıb ki, bina daxili 131 p/m tüstü bacaları və havasorucu kanallar təmizlənib, xidməti ərazidə məişət tullantılarının daşınmasına gündəlik nəzarət olunub, konteyner meydançalarında dezinfeksiya işləri aparılıb və ərazinin təmizliyi nəzarətdə saxlanılıb. 2013-2014-cü illərin payız-qış mövsümündə mərkəzləşdirilmiş istilik xəttinə qoşulmuş 547 binadan 510 bina istiliklə təmin olunub. Çoxmərtəbəli binada 439 mənzilə yeni kabel xətti çəkilib və sayğac quraşdırılıb. Hesabat dövründə 90829 abonentə xidmət göstərilib, sayğaclaşma 99 faiz təşkil edib, abonentlərə 1211 ədəd SMS tipli yeni sayğac quraşdırılıb, yığım isə 102,4 faiz olub. Hesabat dövründə M.Hadi küçəsində 250 nömrəli, Neapol küçəsi 15 ünvanında 223 nömrəli, Babək prospektində 203 nömrəli bağçaların və NZS yaşayış sahəsində 165 nömrəli orta məktəbin həyəti işıqlandırılıb, Zığ yolu və Cavanşir küçəsi 21, 23 saylı yaşayış binalarının həyətində işıqlandırma bərpa olunub.
Gəncə prospektində işıq dirəklərinin yeri dəyişdirilib, 80 ədəd qidalandırıcı qurğular təmir edilib və iş davam edir. Hesabat dövründə Bakı şəhər "Lifttəmir" İstehsalat Birliyinin rayon üzrə fəaliyyət göstərən 2 müəssisəsi 3 saylı "Baklift" İxtisaslaşdırılmış İstehsalat İdarəsi "TEMP" Dövlət müəssisəsi tərəfindən liftlərə texniki xidmət göstərilib. Ölkə rəhbərinin müvafiq göstərişinin icrası ilə əlaqədar lift təsərrüfatında maddi texniki bazanın möhkəmləndirilməsi və binalarda liftlərin yenisi ilə əvəz olunması işləri çərçivəsində rayon ərazisində ümumilikdə 192 lift əsaslı təmir olunub, 742 lift yenisi ilə əvəz edilib.
Hesabat dövründə rayonun 1 və 2 saylı Yaşıllıq Sahələri tərəfindən ağaclara və gül kollarına aqrotexniki qulluq göstərilib, suvarılıb, belləmə və budama işləri aparılıb və eyni zamanda daxili imkanlar hesabına Heydər Əliyev adına istirahət parkında, Xocalı parkında, Zığ yolu, Uşaq əyləncə parkında, Zığ yolu Abad həyətdə, R.Məmmədov küçəsində yeni inşa olunmuş parkda və eyni zamanda prospekt və mərkəzi küçələrdə yol boyu yaşıllıq zolağına qulluq göstərilib.
Qeyd edək ki, vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə onlara cavab verilməsi təmin olunub, vətəndaşların mütəmadi qəbulu təşkil edilib, səyyar görüş-qəbullara daha çox üstünlük verilib. İlin birinci rübündə vətəndaşların 345 ərizəsi araşdırılıb, Azərbaycan Respublikası Prezident Administrasiyasından daxil olmuş 214, mərkəzi icra hakimiyyətlərindən daxl olmuş 141 məktuba baxılıb.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanın inkişaf istiqamətlərindən söz açıb. Bildirib ki, bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda səslənən fikirlər, qeyd olunan məqamlar bir daha onu göstərir ki, ölkəmiz dinamik sürətlə inkişaf edir: "Bu gün Azərbaycanda böyük sosial, infrastruktur layihələri uğurla icra edilir. Qəbul və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları insanların rifah halının daha da yaxşılaşmasına, paytaxt Bakı ilə yanaşı, respublikanın bütün bölgələrinin sürətlə inkişaf etməsinə, yeniləşməsinə xidmət edir. Digər rayonlar kimi, bu gün Xətai rayonunda da genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri görülür. Rayonun siması günbəgün müsbət mənada dəyişir. Hesab edirəm ki, biz hər birimiz dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstək olmalı, əlimizdən gələni əsirgəməməliyik".
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov da çıxışında əldə olunan sosial-iqtisadi uğurlardan, qazanılan nailiyyətlərdən danışıb. O, Xətai rayonunda həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Xətai RİH rəhbərliyinin fəaliyyəti nəticəsində bu gün rayon Bakı şəhərinin ən gözəl, abad bölgələrindən birinə çevrilir. Qeyd edək ki, yığıncaqda Xətai RİH başçısının müavini Jalə Abdıyeva da çıxış edərək görülən işlərdən danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB