Dönər kabab SOCAR-ın Ukraynadakı yanacaqdoldurma kompleksi şəbəkəsi nəzdindəki kafelərdə ən populyar yemək sayılıb
"SOCAR Energy Ukraine" şirkəti özünün yanacaqdoldurma kompleksləri şəbəkəsində fəaliyyət göstərən "Buta cafe"nin təklifinə yüksək tələbatın olduğunu bildirir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat veriblər.
Qonaqlar arasında ən populyar Şərq yeməyinin - dönər kababın satış həcmi bu ilin birinci rübünün yekunlarına görə ötən ilin oxşar dövrü ilə müqayisədə 37 faiz artıb. Yanacaq almaqla yanaşı bu yeməyi sifariş verən müştərilərin sayı 40 faiz artıb.
"SOCAR Energy Ukraine" şirkətinin pərakəndə satış üzrə direktoru Vitali Leonçuk deyib: "Son iki ildə dönər kababa tələbat xeyli artmışdır. Onun dadı qonaqlarımızın xoşuna o qədər gəlir ki, çoxları dönər kabab yemək üçün tez-tez yanacaqdoldurma kompleksinə gəlirlər. Biz həmin məhsula olan tələbatı bundan sonra da saxlamaq niyyətindəyik. Bunun üçün xüsusi təkliflər hazırlayırıq. Bundan əlavə, biz mövsüm ərəfəsində kafenin menyusuna tərəvəz daxil etmişik".
Dönər kabab ilk dəfə 2011-ci ilin iyununda Odessadakı yanacaqdoldurma komplekslərindən birində satışa çıxarılmışdır. O vaxtdan SOCAR-ın yanacaqdoldurma stansiyalarının fəaliyyət göstərdiyi bütün regionlarda bu kababa olan tələbat durmadan artır.
Yanacaqdoldurma komplekslərində əlavə və ən müasir xidmətlərin inkişaf etdirilməsi SOCAR şəbəkəsinin əsas strateji məqsədlərindən biridir. Statistikaya görə, hər iki müştəridən biri bu xidmətdən istifadə edir.
Sözügedən göstəricilər 2013-cü il martın 31-dən sonra açılan yanacaqdoldurma komplekslərindəki satış rəqəmlərini əhatə etmir.
SOCAR yanacaqdoldurma kompleksləri şəbəkəsində fəaliyyət göstərən "Buta cafe" müəssisəsi özündə Azərbaycanın milli mədəniyyətini, qastronomik xüsusiyyətlərini və ənənələrini birləşdirir. Kafenin adında və dizaynında Azərbaycanın milli "Buta" ornamentindən istifadə olunub ki, bu da bolluq və firavanlıq rəmzidir.
"Buta cafe" istər Şərq, istərsə də Avropa mətbəxinin yeməklərini təklif edir: dönər kabab, isti sendviç, kruasan, müxtəlif paxlava növləri, limonad, ayran, geniş çeşiddə təbii qəhvə. Yeməklər natural inqrediyentlərdən, konservantsız və kimyəvi əlavələrsiz hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB