“Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turunun təşkilat komitəsinin iclası olub
Qəbələdə "Tour d’Azerbaidjan-2014" beynəlxalq velosiped turunun təşkilat komitəsinin iclası keçirilib.
İclasda Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan və Şamaxı Rayon İcra hakimiyyətlərinin, polis şöbələrinin, yol istismar idarələrinin, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin, Nəqliyyat Nazirliyinin əməkdaşları və s. iştirak ediblər.
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti və turun təşkilat komitəsinin sədri Sahib Ələkbərov iclasda çıxış edərək "Tour d’Azerbaidjan-2014" barədə ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Federasiya tərəfindən təşkil edilir. Bakıdan start götürən yarışın ilk mərhələsi Sumqayıtda başa çatacaq. Sonrakı mərhələdə isə Bakı və 8 rayonu əhatə edəcək. Beş mərhələnin marşrutlarının ümumi uzunluğu 840 kilometrə yaxındır.
Qeyd edilib ki, mayın 7-dən 11-dək təşkil olunacaq yürüşə dünyanın müxtəlif ölkələrindən hər birinin heyətində 6 velosipedçi olmaqla 25 komanda mübarizə aparacaq. S.Ələkbərov yürüşün daha möhtəşəm keçəcəyinə inandığını söyləyərək bu turun gənc velosipedçilər üçün əlverişli şans olduğunu, həmçinin ölkəmizin gözəlliyini və inkişafını nümayiş etdirməyə imkan yaratdığını vurğulayıb. Qeyd olunub ki, veloturda 22 ölkədən, o cümlədən Azərbaycan, ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Hollandiya, Belçika, Çin, Danimarka, Avstraliya, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər ölkələrdən 500-dən çox velosipedçinin iştirakı gözlənilir. Veloturda "Synergy Baku Cycling Project" komandası da iştirak edəcəkdir. Komandalar arasında 8 peşəkar kontinental, 16 kontinental və bir milli komanda var.
Məlumat verilib ki, "Tour d’Azerbaidjan-2014" velosiped turunun bütün mərhələlərinin yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən "Eurosport" televiziya kanalı vasitəsilə geniş işıqlandırılması nəzərdə tutulur. "Eurosport" televiziya kanalı hər mərhələdən sonra efirdə tur barədə yarım saatlıq proqram hazırlayacaq, son mərhələni isə 1,5 saatlıq yayımla dünya ölkələrinə birbaşa yayımlayacaq.
Sonda "Tour d’Azerbaidjan-2014" beynəlxalq velosiped turunun təşkilati işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılıb, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilib və tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB