Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağı keçirilib. SİA-nın xəbərinə görə, tədbir Fəxri Xiyabandan başlayıb, Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və nazirliklərin rəhbərlərinin də iştirakı ilə qonaqlar AMEA-nın Əsas binasında elmi müəssisə və təşkilatların 2013-cü ildəki fəaliyyətini əks etdirən kitab, jurnal və digər nəşrlərin sərgisi ilə tanış olmuşlar. Elmi nailiyyətlərin sərgisində təqdim edilən materiallar maraqla qarşılanıb.
Ümumi yığıncağın rəsmi hissəsi AMEA-nın prezidenti, akademik Akif Əlizadənin giriş nitqi ilə başlayıb. Akademik elmi təşkilatın 2013-cü il ərzində dövlət başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini bildirib, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirilən islahatların əsas prinsipi kimi göstərib.
AMEA-nın rəhbəri Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara sahib olduğunu, müasir İKT ilə təchiz edilib, regionda ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzinin istifadəyə tam hazır olduğunu və müasir elmi istiqamətlər üzrə yeni institutların yaradılacağını vurğulayıb.
Eyni zamanda ölkənin inkişaf strategiyasına uyğun olaraq regionlarda elmi-texniki potensialı artırmaq məqsədi ilə bir sıra islahatların həyata keçirildiyini, o cümlədən Prezident İlham Əliyevin sərəncamına əsasən Gəncə Bölməsinin yaradıldığını xatırladıb: "Görülən işlər sırasına AMEA-nın elmi müəssisələrinin Direktorları, İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası, Gənc Alim və Mütəxəssislər şuralarının yaradılması da daxildir. Müxtəlif sahələrdə xüsusi fərqlənən gənclərin "Gənclər üçün Prezident Mükafatı"na təqdim olunması, Geologiya İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərovun bu yüksək mükafata layiq görülməsi, gənc alimlərin Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alması istiqamətində müvafiq işlərin aparılması Akademiyanın gənclər və kadrlar siyasətinin tərkib hissəsidir. Hazırda "AMEA-nın 2020-ci ilə qədər" İnkişaf Konsepsiyası hazırlanır, elmi tədqiqatların prioritet və əsas istiqamətləri yenidən müəyyənləşdirilir və bu işlər artıq yekunlaşmaq üzrədir".
A. Əlizadə həmçinin III Bakı Beynəlxalq Humanitar Forumu kimi dünya əhəmiyyətli tədbirləri Azərbaycanın beynəlxalq elmi əməkdaşlıq mərkəzinə çevrilməsi yolunda mühüm nailiyyətlər hesab edib: "Yeni texnologiyaların və innovasiyaların nümayişi, elmin təbliği, populyarlaşdırılması, gənc nəslin elmə marağının artırılması, həmçinin Azərbaycanın elm potensialının ortaya çıxarılması məqsədi ilə ölkədə və Cənubi Qafqazda ilk dəfə elm festivalının keçirilməsi planlaşdırılır".
Sonra Akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev çıxış edərək bildirib ki, hesabat ilində Akademiyada ölkəmizin sürətli inkişafı ilə həmahəng olan islahatların yeni mərhələsinə start verilib, AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlər həyata keçirilib: "Elmi müəssisələrdə 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi-tədqiqat işi aparılıb, 110 mühüm elmi nəticə alınıb, onlardan 55 iş tətbiq olunub. Akademiyanın alimləri tərəfindən 604-dən artıq kitab, 7208-dən artıq məqalə və tezis, o cümlədən xaricdə 2427-dən artıq məqalə və tezis çap etdirilib. İmpakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq 526-nı ötüb və onlara 3800-dən çox istinad olub. AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilib, AMEA-nın elmi müəssisələri tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli elmi tədbir keçirilib".
R. Əliquliyev 2013-cü ildə Rəyasət Heyətinin fəaliyyətinin səmərəliliyini artırmaq, Mərkəzi Aparatın elmin idarə edilməsi fəaliyyətini gücləndirmək və müasir tələblər baxımından modernləşdirmək məqsədi ilə həyata keçirilən bir sıra əhəmiyyətli struktur dəyişikliklərindən də bəhs edib: "AMEA-da həyata keçirilən struktur islahatları çərçivəsində müasir dövrün tələblərindən irəli gələrək Biofizika və Smart Materiallar Mərkəzi, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Elm Tarixi və Dünya Siyasəti institutları yaradılıb. Həmçinin Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından "sosiologiya" sözü götürülüb, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılıb".
AMEA-nın müxbir üzvü Akademiyanın Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 70 illik yubiley və Azərbaycan alimlərinin I Qurultayı kimi iki mötəbər tədbir ərəfəsində olduğunu, bununla bağlı bir sıra elmi-təşkilati işlər görüldüyünü deyib. AMEA-nın icraçısı olduğu 19 dövlət proqramından 3-ünün artıq başa çatdığı, 13-ünün davam etdirildiyi vurğulanıb.
O, AMEA-da həyata keçirilən hüquqi islahatlardan, gənclər siyasətindən də bəhs edərək vurğulayıb ki, elm və təhsilin inteqrasiyası gələcək elmi kadrların Akademiyaya cəlb olunmasına şərait yaradıb. Qurulmaqda olan informasiya cəmiyyətinin inkişafından və elektron elmin formalaşması vəziyyətindən danışan R.Əliquliyev bildirib ki, 2013-cü il İKT ili ilə bağlı tədbirlər planında AMEA-nın da üzərinə müəyyən vəzifələr qoyulub, Fəaliyyət planı hazırlanıb və bu plan çərçivəsində kompleks tədbirlər həyata keçirilib.
Belə ki, AzScienceNet-in ölkə üzrə infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə AzScienceNet-də 36 km-ə yaxın fiber-optik kabel çəkilib, institut və təşkilatların 88%-inin fiber-optik xətlər vasitəsilə İnternetə qoşulması təmin edilib, əməkdaşların internet trafikə olan tələbatı təxminən 3 dəfə, yəni 75 Mb/san-dən 250 Mb/san-yə qədər artıb. AMEA-nın akademik-katibi qeyd etmişdir ki, 2013-cü il ərzində mütəmadi olaraq "AMEA-nın Məruzələri", AMEA-nın "Xəbərləri", "Elm dünyası", "AMEA-nın Xəbərləri məcmuəsi" jurnallarının və "Elm" qəzetinin nəşri təmin edilmişdir. R.Əliquliyev Akademiyanın maddi-texniki bazasının gücləndirilməsi, sosial və maliyyə-təsərrüfat fəaliyyəti istiqamətində görülən işlərdən, alimlərin əməyinin qiymətləndirilməsi və stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Hazırda müzakirə prosesində olan "Elm siyasəti haqqında" Qanunun qəbul edilməsi elm sahəsində dövlət siyasətinin normativ-hüquqi əsaslarının gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulanıb və "Elmin informasiyalaşdırılması haqqında Dövlət Proqramı"nın qəbul edilməsi məqsədəuyğun hesab edib.
Daha sonra yığıncaqda AMEA-nın vitse-prezidentləri, akademiklər − İsa Həbibbəyli və Akif Hacıyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, Gəncə Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fuad Əliyev və Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev çıxış edib, mövcud problemlərdən söz açılmış və təkliflər səsləndirilib.
Ümumi yığıncağın qərarı ilə AMEA-nın hesabatı qənaətbəxş hesab edilib.
Tədbirdə Akademiyanın prezidenti elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafat təqdim edib. Belə ki, akademik Çingiz Qacar Nəsirəddin Tusi adına, akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hüseynova Həsən bəy Zərdabi adına, akademik Ömər Eldarov akademik Üzeyir Hacıbəyli adına mükafata layiq görülüblər. Həmçinin, akademik Böyükkişi Ağayev akademik Mirəsədulla Mirqasımov adına, akademik Məhərrəm Məmmədyarov akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogiya elmləri doktoru Fərid Dadaşov isə akademik Musa Əliyev adına mükafatla təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB