Deyəsən, tıxac problemi bu dəfə kökdən həll olunur... ARAŞDIRMA

Deyəsən, tıxac problemi bu dəfə kökdən həll olunur... ARAŞDIRMA

Məlum olduğu kimi, Azərbaycanda tıxacların qarşısının alınması, sürücülərin sərbəst şəkildə avtomobilləri idarə etmələri üçün yolların tam şəkildə azad olunması istiqamətində tədbirlər həyata keçirilir. Belə ki, şəhərin müxtəlif ərazilərində qanunsuz duracaq kimi istifadə edilən yerlər tıxaclara səbəb olur. Bu yerlərdə avtomobillərə keşik çəkən, xidməti geyimi olmayan, əllərində çubuqlarla sürücülərə yol göstərən şəxslər isə hər gün daha da gözəlləşən, modernləşən şəhərimizdə o qədər də yaxşı təsir bağışlamırlar. Yollarda, metroların, ticarət obyektlərinin qarşısında və digər ərazilərdə fəaliyyət göstərən belə qanunsuz duracaqlardan yığılan pulların hara xərcləndiyi isə məlum deyil.

Məhz bu məsələlərin həllini tapması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakı şəhəri ərazisində avtomobil duracaqlarının təşkil edilməsi haqqında" sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Bakı şəhərinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir. Bakının küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar (sərnişin daşıyan nəqliyyat vasitələrinin təyin olunmuş duracaqları istisna olmaqla) ləğv edilsin və tabeçiliyindən asılı olmayaraq, qeyri-qanuni fəaliyyət göstərən duracaq və ya belə bir fəaliyyəti təşkil etmək istəyən hüquqi və fiziki şəxslərə qarşı inzibati cərimə sanksiyaları və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər həyata keçirilsin.

Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırır ki, Daxili İşlər Nazirliyinin Dövlət yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birlikdə Bakı ərazisində duracaqların təşkili üçün yol hərəkətinin təhlükəsizliyi, ictimai təhlükəsizlik tədbirlərinə cavab verən və avtomobillərin daha çox toplandığı əraziləri müəyyən etsin. Müəyyən edilmiş ərazilərdə avtonəqliyyatın hərəkətini məhdudlaşdırmadan yol kənarında nəqliyyat vasitələrinin saxlanılması, tıxacların qarşısının alınması üçün müvəqqəti "Duracaq"lar yaradılmasını təşkil etsin.

"Son 1 həftə ərzində 2 mindən artıq dayanma və durma qaydalarını pozan sürücü məsuliyyətə cəlb edilib..."

Məsələnin belə köklü şəkildə həlli, həm də yol patrul xidmətinin işlərini asanlaşdıracaq. Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq. O, Bakı Şəhər İcra Hakimiyyətinin bu sərəncamının problemləri həll edəcəyini qeyd edib: "Bu istiqamətdə verilən tapşırıqlar və göstərişlər yol polisinin işini asanlaşdırır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının imzaladığı sərəncam və belə kompleks tədbirlər məsələnin kökündən həlli deməkdir.

Hazırda paytaxtın mərkəzi hissəsində bütün standartlara cavab vərən çoxmərtəbəli avtomobil duracaqları var. Bu duracaqlardan istifadə edilsə, pik saatlarda şəhərin mərkəzi küçələrində sıxlıq yaranmaz. Etiraf etmək lazımdır ki, hazırda Bakı şəhərində yaranan süni sıxlıq və tıxac dayanma, durma, saxlanma qaydalarının pozulması ilə əlaqədardır. Dayanma və durmanı qadağan edən nişanların təsir sahəsində avtomobillərin dayanması, yolun daralması ilə nəticələnir. Yolların hərəkət hissəsində, ikinci cərgədə, kəsişməyə yaxın ərazilərdə, piyada zebralarında, səkilərdə avtomobillərin park edilməsi yol zolaqları üzrə hərəkətlərdə gərginlik yaradır.

Nişanların təsir zonasında dayanan bütün avtomobillərin sürücülərinin məsuliyyətə cəlb olunması davam etdirilir. Son 1 həftə ərzində 2 mindən artıq dayanma və durma qaydalarını pozan sürücü məsuliyyətə cəlb edilib.

"Qeyri-qanuni duracaqlarda fəaliyyət göstərənlər də işlə təmin olunmalıdır"

Millət vəkili Zahid Oruc da problemlərin aradan qaldırılması barədə fikirlərini bildirdi: "Azərbaycanın daxili infarastrukturu, nəqliyyat sistemi, yaşayış massivləri qarşısında nəqliyyat vasitələrinin saxlanılması ilə bağlı problemlər hökumət tərəfindən mütəmadi olaraq müzakirə edilib. Yeni binalar inşa olunarkən park yerlərinin olması qanunvericilikdə öz əksini tapıb. Eyni zamanda dövlət orqanlarına aid binaların yerləşdiyi ərazilərdə də bu addımlar atılıb.

Cənab Prezidentin rəhbərliyi ilə Nazirlər Kabinetinin iclasında bu məsələlərə daha ali səviyyədə qiymət verildi. Dövlət başçısı bu mənzərəni son dərəcə uğurlu şəkildə ifadə etdi və göstərdi ki, qərb dövlətlərinin heç birində bu cür çubuqla atomobillərin idarə edilməsi yoxdur".

Millət vəkili problemlərin həlli yolları haqqında da danışdı: "Bu məsələ insan amilindən istifadə olunmayacaq həddə asanlaşdırılmalıdır. Bunun üçün isə ilk növbədə prosesin avtomatlaşdırılması istiqamətində işlər görülməlidir. Nəticədə, yığılan vəsaitlər növbəti dövrdən qeyd etdiyimiz problemlərin həlli üçün baza yarada bilər.

İndəyədək bu yerlərə rəsmi və ya qeyri-rəsmi şəxslər təyin olunurdular. Əslində, onlar da kifayət qədər ağır işə qatlaşırdılar. Hər hansı bir məbləğdə vəsait toplanır, bunun nə qaydada bölünməsini isə heç kəs bilmir. Qeyri-qanuni duracaqlarda fəaliyyət göstərənlər də işlə təmin olunmalıdır. Onları müxtəlif pullu dayanacaqlarda, müəyyən təhsil bazası olanları və ali təhsilliləri isə Nəqliyyatın İntelektual İdarəetmə Sisteminlərində işlə təmin etmək mümkündür".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə