Alimlər AMEA-nın ali mükafatları ilə təltif olunublar

Alimlər AMEA-nın ali mükafatları ilə təltif olunublar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 7 alimi Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlara layiq görülüblər. SİA-nın xəbərinə görə, Rə­ya­sət Heyəti bu il fevralın 5-də adlı mükafatların tə­sis edil­məsi haqqında qərar qəbul edib, 9 aprel tarixli iclasında isə təltif olunan alimlərin adlarını açıqlayıb.

Bu gün AMEA-nın ümumi yığıncağında mükafatlar sahiblərinə təqdim edilib. Tədbirdə ilk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək mükafatların əhəmiyyətindən danışaraq bildirib ki, onların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.

Daha sonra AMEA rəhbəri alimlərin mükafatlarını təqdim edib.

Aka­demik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb. Kənd təsərrüfatı sa­həsində fundamental tədqiqatları və nailiyyət­lə­ri­nə görə akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hü­sey­nova Həsən bəy Zərdabi adına mü­ka­fatla təltif olunublar.

Həmçinin, aka­de­mik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adı­na, akademik Böyükkişi Ağayev səhiyyənin və tibb elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və nailiyyət­lə­rə görə akademik Mirəsədulla Mirqasımov adına, akademik Mə­hər­rəm Məm­­mədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kim­ya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına, geo­lo­giya-mineralogoya elmləri dok­toru Fərid Dadaşov isə geologiya sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə akademik Mu­sa Əliyev adına mükafata layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə