Akif Əlizadə: “Gənc alimlərin məvaciblərinin artırılması hazırda çox da vacib deyil”
"Azərbaycanda oğlanların elmə marağının az olduğunu nəzərə alaraq dövlət müəyyən tədbirlər görməlidir ki, bu sahəyə onların marağı artsın". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib.
AMEA prezidenti vurğulayıb ki, bu gün ölkədə gənc alimlərə böyük ehtiyac var.
Elmə qadınların daha çox gəldiyini deyən A.Əlizadə deyib ki, elmi ekspedisiyalara getmək, uca dağların zirvələrini fəth etmək onlar üçün çətin olur: "Oğlanlar isə bu istqamətdə daha böyük işlər görə bilərlər. Oğlanları uzaq ezamiyyətlərə, təcrübəyə göndərmək mümkündür. Qızları da göndərmək olar, ancaq bu zaman müəyyən problemlər, ailə məsələləri və digərləri ortaya çıxır. Düşünürəm ki, bu, AMEA qarşısında duran əsas problemlərdən biridir".
A.Əlizadə qeyd edib ki, gənc alimlərin elmdə inkişafı, müxtəlif sosial, mənzil və məişət problemləri daim akademiyanı düşündürür: "Akademiyanın, elmin gənclərə ehtiyacı çoxdur. Gənc alimlərin məvaciblərinin artırılması hazırda çox da vacib deyil. Elm özü qazanmalıdır. Alimlər, ələlxüsus gənc alimlər inkişaf etmək üçün fondların keçirdiyi qrant və layihələrdə iştirak etsinlər və oradan məvaciblərini artırsınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB