Aqrar sahənin sürətli inkişafına hesablanmış 16 aprel 2014-cü il tarixli "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında " fərmanı biz fermerlərin dərin razılığına səbəb olmuşdur. Yeni verilmiş fərman cari ilin mart ayının 3-də imzalanmış Sahibkarlığın inkişafını nəzərdə tutan əvvəlki fərmanı tamamlamaqla aqrar sahədə həyata keçiriləcək islahatlara, fermer təsərrüfatlarının inkişafına ciddi təkan verəcəkdir.
Mövcud fərman qeyrineft sektorunda məhsul bolluğu yaratmaqla yanaşı, yüz minlərlə yeni iş yerlərinin açılmasına səbəb olacaq, ölkə vətəndaşlarının sosial rifah halını daha da yüksəldəcək, bu siyasətin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını büsbütün ödəyəcəkdir.
Qeyd edim ki, Ulu öndər Heydər Əliyevin yenidən rəhbərliyə başladığı dövrdən etibarən respublikamızda həyata keçirilən çoxsahəli özəlləşdirmə tədbirləri aqrar sahənin yeniləşdirilməsində böyük rol oynamış, sonradan bu siyasətin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəməyə başlamışdır. Prezidentin 2008-ci il 25 avqust tarixli "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" nında bu sahədə əhəmiyyəti danılmazdır.
Yeni Fərman da aqrar sahənin inkişafını nəzərdə tutan əvvəlki dövlət proqramlarının, sərəncam və fərmanların məntiqi davamı kimi gələcək uğurlarımızın carçısıdır. Fərmanda göstərildiyi kimi rayonlar üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılması işlərin səmərəliliyini qat-qat artıracaq, kənd əməkçiləri qarşıya çıxan problemləri vaxtında və yuxarı instansiyalara müraciət etmədən həllnə nail ola biləcəklər. Həmçinin aqroparkların yaradılması, xarici investorları cəlb etməklə respublikada kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkili, qeyri-dövlət fitosanitar xidmətlərinin, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılmasının xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilməsi, beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün "elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını təmin edilməsi, kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin hazırlanması, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılması, kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsi və bu sahədə prosedurların sadələşdirilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən qanun layihəsinin hazırlanması və digər maddələr bizi inandırır ki, ölkəmizdə aqrar sahənin inkişafında artıq yeni dövr başlayır. Bu dövr aqrar sahənin yeni, çiçəklənmə dövrüdür.
"Yaşıl çay" fermer təsərrüfatının rəhbəri olaraq bildirmək istəyirəm ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitdən faydalanaraq 2006-cı ildə Azərbaycan çayının yenidən bərpa olunması məqsədilə sözü gedən fermer təsərrüfatını yaratmışıq.
Cənab Prezidentin dəfələrlə kənd təsərrüfatında çalışan kiçik və orta sahibkarlara dövlət dəstəyinin artırılması, xüsusən də aqrar sahənin inkişafı məqsədilə kreditlərin verilməsi, subsidiyaların verilməsində şəffaflığın təmin olunması, torpaqlarda suvarmanın yüksək səviyyədə təşkili və digər güzəştlərin tətbiqi ilə bağlı söylədikləri Lənkəran rayonunda çalışan kənd əməkçilərinin, o cümlədən bir fermer təsərrüfatının rəhbəri kimi mənim də ürəyimcə olmuşdur. Buna görə, öz adımdan və rəhbərlik etdiyim kollektiv adından Ölkə başçısına dərin minnətdarlığımıızı bildiririk.
Qeyd etməliyəm ki, çayçılıq uzun illər cənub bölgəsinin əsas istehsal sahəsi olmuş, əhalinin böyük bir hissəsi bu sahədə çalışmışdır. Durğunluq illərində böyük zərbə alan Azərbaycan çayı bu gün dövlətimizin diqqət və qayğısı ilə yenidən bərpa dövrünü yaşayır. Artıq təkcə Lənkəran rayonunda yüzlərlə hektar sahədə yeni çay plantasiyası salınmışdır. Yüzlərlə insan, xüsusən qadınlar çayçılıq təsərrüfatlarında daimi işlə təmin olunmuşlar. İnanırıq ki, verilmiş yeni Fərman ölkə iqtisadiyyatının, xüsusən də ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edən aqrar sahənin, o cümlədən yenidən dirçələn çayçılığın daha da inkişafına hərtərəfli yardım edəcəkdir.
Cənab Prezidentin rayonların ixtisaslaşması ilə bağlı söylədiyi fikirlər, həqiqətən də, bölgələrin inkişafında mühüm rol oynamağa başlamışdır. Ənənəvi olaraq Lənkəran rayonu öz çayı ilə məşhur olmuşdur. İnanınırıq ki, cənub bölgəsində çayçılığın daha geniş miqyasda inkişafını təmin edə biləcək çayçılıq haqqında xüsusi bir fərmanın verilməsi böyük rentabelliyə malik, strateji bir sahə olan çayçılığın geniş miqyasda inkişafına rəvac verməklə Azərbaycan çayının əvvəlki şöhrətini bərpa edər, minlərlə daimi iş yerlərinin yaranmasına səbəb olardı.
Sonda bildirmək istəyirəm ki, indiyədək əldə etdiyimiz bütün uğurlar dövlətimizin aqrar sahəyə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdur. Aqrar sahədə yeni dövrü səciyyələndirən16 aprel tarixli sonuncu fərman da bizi daha həvəslə işləməyə, məhsul istehsalını ildən-ilə artırmağa, ölkədə ərzaq bolluğu yaradılmasına öz töhfəmizi verməyə sövq edir. Aqrar sahənin inkişafı və kənd təsərrüfatı işçilərinin güzəranının yaxşılaşdırılması istiqamətində gördüyü bütün işlərə görə Cənab İlham Əliyevə öz adımdan, rəhbərlik etdiyim kollektiv adından və Lənkəranın bütün əməksevər insanları adından təşəkkür və minnətdarlığımı bildirirəm.
Lənkəran rayonu, İstisu qəsəbəsi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB