Nazir Bərdədə vətəndaşları qəbul edib

Nazir Bərdədə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər. SİA-nın məlumatına görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Bərdə şəhərində vətəndaşları qəbul edib. Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında keçirilən qəbulda Bərdə, Ağcabədi, Zərdab, Tərtər, Ağdam, Xocavənd və Laçın rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda 50-yə qədər vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, ətraf mühitin monitorinqi və sair məsələlərlə bağlı olub.

Qeyd edək ki, qəbulda vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, digərlərinin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Nazirliyin strukturuna aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Şamxal Cəliloğlu, Qarabağ

Bütün xəbərlər Facebook səhifəmizdə