Azərbaycanın Qırğızıstandakı səfirliyi dünya şöhrətli yazıçı Çingiz Aytmatovun kitabının təqdimatını keçirib
Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Milli Kitabxanasında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyi münasibətilə "Çingiz Aytmatov-türk ruhunun təntənəsi" kitabının təqdimat mərasimi və "Odlar yurdu-Azərbaycan" mövzusunda kitab sərgisi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Qırğız Respublikasının Prezidenti Aparatının şöbə müdiri Mira Karıbayeva, Qırğızıstan parlamenti - Joqorku Keneşin deputatları, Türkiyə, Qazaxıstan və Özbəkistanın bu ölkədəki səfirləri Metin Kılıç, Beybit İsinbayev, Komil Raşıdov, Avropa İttifaqı nümayəndəliyinin rəhbəri Çezare de Montis, elm, mədəniyyət və incəsənət xadimləri, Çingiz Aytmatovun doğmaları, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri, media nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəl sərgi ilə tanış olublar. Sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın iqtisadi inkişafı, tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı kitablar, qırğız dilinə tərcümə edilmiş əsərlər, müxtəlif fotoşəkillər nümayiş etdirilib.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bildirib ki, bu tədbirlər ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilib. Səfir deyib ki, XX əsrin ikinci yarısında türk dünyası bəşəriyyətə iki böyük şəxsiyyət - siyasətdə Heydər Əliyevi, ədəbiyyatda Çingiz Aytmatovu bəxş edib.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan və qırğız dillərində çap etdirdiyi kitabda Anarın, Nizami Cəfərovun, Oljas Suleymenovun, İsa Həbibbəylinin, Şahmar Əkbərzadənin, İlgiz Aytmatovun, digər Azərbaycan, rus, qazax və qırğız ədiblərinin Çingiz Aytmatov haqqında məqalə və xatirələri toplanıb.
Səfir daha sonra kitab nəşri sahəsində Azərbaycanda görülən işlər haqqında məlumat verib.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Bişkekdə və Bakıda Çingiz Aytmatov ilə görüşlərindən söhbət açıb. Vurğulayıb ki, Çingiz Aytmatov sözün əsl mənasında bəşəri yazıçıdır. Belə olmasaydı, onun ölməz əsərləri bütün dünyada çap edilməzdi. Çingiz Aytmatov bu gün də çap olunur və öz əsərləri ilə oxucuları heyrətləndirir.
Qeyd olunmuşdur ki, kitaba "Ön söz"ü Hidayət Orucov yazıb.
Mərasimdə çıxış edən Qırğızıstan parlamenti - Joqorku Keneşin komitə sədrləri Kanıbek Osmonaliyev, Kanıbek İmanaliyev, bu ölkənin mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov, Qırğızıstan Milli Kitabxanasının direktoru Jıldız Bakaşova, Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Abdıqanı Erkebayev və Çingiz Aytmatovun oğlu, İssık-kul Forumunun prezidenti Askar Aytmatov "Çingiz Aytmatov - türk ruhunun təntənəsi" kitabının Bakıda Azərbaycan və qırğız dillərində nəşrini ölkənin mədəni həyatında hadisə, dünya şöhrətli ədibin ruhuna böyük hörmət və ehtiram kimi dəyərləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB