BAK-ın tərkibinə 2 təşkilat da əlavə olundu

BAK-ın tərkibinə 2 təşkilat da əlavə olundu

Niderland və Belçika Krallığının hər bir əyalətində Azərbaycan təşkilatlarının yaradılması prosesinə start verən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) tərkibinə daha iki təşkilat əlavə olunub. Bunlar Hollandiyanın Brabant Əyaləti Azərbaycanlılar Məclisi və Şimalı Hollandiya Əyaləti Azərbaycanlılar Ittifaqıdır. Hər iki təşkilatın təqdimat mərasimi Rotterdam şəhərində baş tutub.

Çərasimdə Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov yeni təşkilatları iştirakçılara təqdim edib, onların rəhbərlərini və üzvlərini təbrik edərək, diaspor fəaliyyətində uğurlar arzuladıqdan sonra tədbirdə Disaporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubu oxunub.

Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təqdimat mərasimində hər iki yeni qurumun rəhbəri Ofeliya Babayeva və Sima Cəfərova təşkilatlar barədə məlumat verərək, məqsəd və planlarını açıqlayıblar, İdarə Heyəti üzvlərini təqdim ediblər.

Haaqadakı Azərbaycan səfirliyinin nümayəndəsi Elxan Ələsgərov, BAK-ın I vitse-prezidenti Elsevər Məmmədov, Hollandiya Türk Federasiyasının sədri Murat Gedik, və digər ölkələrin diaspor təşkilatlarının təmsilçiləri çıxış edərək, yeni yaradılan cəmiyyətə uğurlar arzulayıb, gələcək əməkdaşlıqlarından danışıblar.

Yeni yaradılmış diaspor təşkilatlarının təqdimat mərasimi rəsmi hissədən sonra konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycanın incəsənət ustaları, o cümlədən xalq artisti Flora Kərimova soydaşlarımız qarşısında çıxış edib.

Qeyd edək ki, Benilüks Azərbaycanlıları Konqresi sıralarını genişləndiməkdə davam edir. Yaxın vaxtlarda daha üç əyalətdə soydaşlarımızı birləşdirən yeni təşkilatların yaradılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə