Millət vəkili mədəniyyət sahəsində qanunvericilikdəki yeniliklərdən danışıb
"Milli Məclisin Mədəniyyət komitəsi əsas işi artıq görüb. Belə ki, "Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu" bu yaxınlarda qəbul edilib. Qanunda bu sahəyə aid əsas müddəalar, prinsiplər yer alıb. Bu sənəd Azərbaycanda dövlət mədəniyyət siyasətinin məqsəd və prinsiplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, mədəniyyət sahəsində hüquqi, təşkilati, iqtisadi və sosial təminatları müəyyən edir, mədəni sərvətlərin yaradılması, toplanması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir". SİA-nın xəbərinə görə, bunu adıçəkilən komitənin üzvü Leyla Abdullayeva mədəniyyət sahəsində qanunvericilikdəki yeniliklər haqqında danışarkən deyib.
Onun sözlərinə görə, qanunda ilk dəfə yeni sahələr, məsələn, kulinariya sahəsi də milli mədəniyyətimizin tərkib hissəsi kimi təsbit edilib: "Eyni zamanda restitusiya- xaricdə olan milli mədəni sərvət nümunələrimizin imkan daxilində qaytarılmasının nəzərdə tutulmasını da yenilik kimi qeyd edə bilərəm. Digər yenilik isə yenə də milli mətbəx mədəniyyəti ilə bağlıdır. Bu sahə ilə əlaqədar qanun layihəsi hazırlamışıq. Bu da ilk belə layihədir. Mədəniyyət komitəsinin üzvləri bu layihəni müsbət qarşılayıblar və indi bu layihə Milli Məclis Aparatındadır".
"Azərbaycan mədəniyyəti haqqında danışarkən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin himayədarıdır. Azərbaycan mədəniyyətinin qorunması və dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər ölçüyəgəlməzdir" - deyə, millət vəkili fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB