Millət vəkili: "Uşaqların hansı növ baxışlara yiyələnməsi valideynlərdən asılıdır" FOTO

Millət vəkili: "Uşaqların hansı növ baxışlara yiyələnməsi valideynlərdən asılıdır" FOTO

Millət vəkili Sevinc Fətəliyevanın təşəbbüsü ilə Avropa Şurası "Hər beş uşaqdan biri" kampaniyası çərçivəsində Almaniyadan dəvət olunan psixoloq Qalina Heinzelmanın iştirakı ilə valideynlər üçün təlim keçirilib. SİA-xəbərinə görə, təlimdə ilk olaraq çıxış edən millət vəkili S. Fətəliyeva bildirib ki, bu proqram 3 ildən çoxdur ki, Azərbaycanda həyata keçirilir.

Onun sözlərinə görə, uşaqlar gələcəyimiz olduğu üçün onlara xüsusi diqqət ayırmaq vacibdir: "Sevindirici haldır ki, artıq uşaqlar öz fikirlərini cəmiyyətə asan şəkildə təqdim edə bilirlər".

Müasir ailədə valideyn və uşaq münasibətlərinə toxunan millət vəkili qeyd edib ki, XXI əsrdə uşaqların tərbiyəsi ilə məşğul olmaq baxımından düzgün yol seçmək çox çətindir: "Danılmaz fakdır ki, hazırda valideynlər karyeraya daha çox üstünlük verirlər. Buna görə də uşaqlar ailə qayğısından kənarda qalır. Müasir dünya müxtəlif baxışları bizlərə təqdim edir. Uşaqların hansı növ baxışlara yiyələnməsi məhz valideynlərdən asılıdır".

Pozitiv tərbiyənin əsas xüsusiyyətlərini açıqlayan S. Fətəliyeva fikirlərinə onu da əlavə edib ki, valideynlər uşağın ümumi inkişafında iştirak etməli, övladının hər bir davranışına adekvat cavab verərək münasibət bildirməli, təhlükəsiz və maraqlı mühit yaratmalı, onlara öz davranış və qərarlarına cavabdeh olmaq bacarığını öyrətməli, eləcə də öz tələblərinin nə olduğunu unutmamalıdır.

Daha sonra çıxış edən Almaniyadan dəvət olunan psixoloq Q. Heinzelman vurğulayıb ki, uşağı tərbiyə etmə mövzusunda da onunla aradakı pərdəni saxlamaq mühüm əsaslardan biridir: "Bir tərəfdən təmkin və ciddilik mühafizə edilərkən, digər tərəfdən onun sevinc və kədərini paylaşma çox həmiyyətlidir. Ana-ata təmkin və ciddiyyəti qorumadan onunla sadəcə uşaq kimi davranar, oyun oynayarsa məsafəni qoruya bilməz, digər daha əhəmiyyətli mövzularda uşağa təsir edə bilməz. Belə bir atmosferdə yetişən uşaq pis davranış nümayiş etdirə bilər. Uşaq daim özünə ideal tapma ehtiyacını hiss edir. Ana-ata uşağın model olaraq seçdiyi insanlardır. Böyüdükcə öz ailəsində axtardığı ideal modeli tapa bilməyən uşaq xaricə yönəlir və bu da mənəvi dünyasında ziddiyyətlərə səbəb olur. Axtardığı idealı ailəsində tapan uşaq isə xoşbəxt və dinc bir həyat yaşayır".

Qeyd edək ki, tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə