Məlumdur ki, Avropa ölkələrində insanlar öz sağlamlıqlarını zəmanət altına almaq üçün tibbi sığorta xidmətindən faydalanırlar. Qardaş ölkə Türkiyədə də tibbi sığorta insanların həyatında önəmli yer tutur. Hər hansı bir hadisə və ya xəstəlik zamanı sağlamlığına ziyan dəymiş şəxslər sığorta şirkəti hesabına tam şəkildə müalicə oluna bilirlər.
Ölkəmizdə də bu istiqamətdə mühim addımlar atılır. Belə ki, tibbi sığorta hazırda bir çox müvafiq dövlət qurumlarının gündəmində olan məsələlərdəndir. Milli Məclisin iclaslarında da tibbi sığorta ilə bağlı geniş müzakirələr aparılır.
Ancaq ölkəmizdə insanlar bu xidmətdən kifayət qədər istifadə etmirlər. Bu isə cəmiyyətimizdə tibbi sığortanın əhəmiyyətini əks etdirən maarifləndirmə işlərinin zəif aparılması ilə bağlıdır.
Araşdırmalarımız zamanı məlum oldu ki, tibbi sığorta ilə bir çox özəl şirkətlər də məşğul olurlar. Bu şirkətlərin çoxu isə fiziki şəxslərin tibbi sığortasını həyata keçirmir. Belə qurumlarda əsasən hüquqi şəxlərin sığortası mümkündür.
"Atasığorta" Sığorta Şirkətinin Tibbi və Səyahət Departamentinin Tibbi Anderaytinq və Səyahət şöbəsinin müdiri Leyla Səmədzadə SİA-ya açıqlamasında bildirdi ki, tibbi sığorta zamanı hansı paketin tətbiq olunacağı, şirkətlərin və ya digər qurumlarının işçiləri göndərilən sorğu cədvəlini doldurandan sonra müəyyənləşir: "Hər paketin öz qiyməti var. Sığorta hadisəsi baş verən zaman, həmin insanının işdə olub-olmamasından asılı olmayaraq, onun müalicəsi üçün ödəniş olunur".
"Bəs niyə şirkətlər fiziki şəxsləri yox, əsasən hüquqi şəxsləri tibbi sığorta edirlər?"
Bu sualımızı isə şirkətin Ekspertiza şöbəsinin müdiri Səbinə Əmirova cavablandırdı. O, təmsil etdiyi şirkətin bir neçə il öncə fiziki şəxləri də tibbi sığorta etmək istədiyini, ancaq alınmadığını bildirdi: "Fiziki şəxləri tibbi sığorta edərkən risk daha çox olur, nəinki hüquqi şəxsləri! Məsələn, bir şirkətdə 100 nəfəri sığorta ediriksə, il ərzində bundan 15-20 nəfəri sığorta hadisəsi ilə üzləşir. Ancaq fiziki şəxslərdə isə bu riks çoxdur".
Mövzu ilə bağlı Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Məlahət İbrahimqızının da fikirlərini öyrəndik. Millət vəkili İcbari Tibbi Sığortanın tezliklə həyata keçirilməli olduğunu qeyd etdi: "Tibbi sığorta haqda qanun qəbul edildikdən sonra müvafiq agentlik yardılıb və vəsait ayrılıb. Tibbi sığorta istənilən vətəndaş üçün vacibdir. Bu, ölkənin tibb sektorunda inkişafa doğru atılan addımıdır. Tibbi sığorta hər bir vətəndaşın üzərində olan puldur. İstənilən vətəndaş profilaktik məqsədlə və ya xəstə olduqda ümumi müayinə olunmaq istəyir. Buna görə vətəndaşlar Azərbaycanın ucqar bölgələrindən Bakıya gəlsə, paytaxtda qarışıqlıq yaranar. Ona görə tibbi sığortanın həyata keçirilməsi üçün bütün ölkə üzrə tibb sahəsində infrastruktur yaradılmalıdır. Bakıda olan tibb mərkəzləri ilə bölgələrdəki arasında texniki baxımdan fərq olmamalıdır".
Millət vəkili bu sahədə mütəxəssislərin də vacibliyini vurğulardı: "Bununla yanaşı, kadrlara da ehtiyacımız var. Texniki avadanlıq alınar, amma işlədəcək mütəxəssis olmaya bilər. Buna görə də hazırda 7 minə qədər vətəndaşımız tibblə bağlı xaricdə təhsil alır. Gözləyirik ki, gələn il İcbari Tibbi Sığorta tətbiq ediləcək".
Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Rauf Əliyev isə İcbari Tibbi Sığortanın dövlət tərəfindən aparılmasını daha məqsədə uyğun hesab edir: "Bizim ailədən də iki nəfər tibbi sığortadan keçib. Bu, bütün insanlara lazım olan bir məsələdir. Düşünürəm ki, icbari tibbi sığorta dövlət tərəfindən aparılsa, daha yaxşı olar. Bu məsələ tezliklə həllini tapmalıdır. İnsanlarımız bu haqda məlumatlı deyillər. Hər kəs bu məsələnin önəmliliyini başa düşəcək. Vaxt olacaq, insanlar özləri xahiş edəcəklər ki, onları tibbi sığorta etsinlər. Bu məsələnin əhəmiyyətinin cəmiyyət tərəfindən dərk edilməsi üçün maarifləndirmə işlərinin artırılmasına ciddi ehtiyac var".
Bütün araşdırmalardan sonra məlum olur ki, İcbari Tibbi Sığortanın tətbiqi həm insanlar, həm də tibb sahəsinin inkişafı üçün önəmli addımdır. Hərhalda sağlamlığa veriləcək zəmanət ilk növbədə insanın özü üçün vacibdir.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB