Sabirabadlılar “Yeni Müsavat” qəzetinə etiraz edir

Sabirabadlılar “Yeni Müsavat” qəzetinə etiraz edir

Müxalifət mətbuatı yenə qərəzli yazıları ilə gündəmə gəlib. SİA-nın elektron poçtuna daxil olmuş etiraz məktublarından biri də Sabirabad rayonundandır. Sabirabadlılar bu dəfə "Yeni Müsavat" qəzetinin 14 aprel 2014-cü il tarixli səhifəsində "İcra başçısı Sabirabadda üsyan yetişdirir" başlığı altında verilmiş yazıdakı "faktlarla" razı olmadıqlarını bildiriblər.

183 nəfərin imzası ilə yazılmış məktubun mətnindən də görünür ki, guya Qasımbəyli, Əsgərbəyli, Yuxar Axtaçı, Muradbəyli kəndlərində işıq yoxdur: "İşıq borclarına görə əhalini cərimələyirlər, əkinləri suvara bilmirik, torpaqlar ayrı-ayrı adamlara satılıb. Üstəlik kənd sakinləri kimi bizim, xüsusilə Qalib Ənnağıyevin, Hikmətəli Əsgərovun, Elşad Cənnətovun adlarından da yalan ifadələr işlədilib. Bu tamamilə ağ yalandır. Bizim fasiləsiz işığımız var. Hazırda kəndlərimizdə elektrik təsərrüfatı yenidən qurulur, sibkabelləşmə gedir. Torpaqlarımız da özümüzdədir, heç kimə də satılmayıb. Əkinlərimizin suvarılmasında da heç bir çətinliyimiz yoxdur".

Məktubda daha sonra qeyd edilib ki, bu gün kəndlərimizi görsəniz yaxşı mənada tanımazsınız: "2010-cu ilin sel fəlakətindən sonra kəndlərimizdə daşdan yeni evlər, məktəblər, xəstəxanalar, uşaq baxcaları tikilib. Hörmətli Prezidentimiz İlham Əliyevin sayəsində kəndlərimiz yaraşıqlı qəsəbəyə çevrilib. Allah onun canını sağ eləsin, çox minnətdarıq ona. Biz - Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli kənd sakinləri, o cümlədən yazıda adına yalanlar uydurulmuş şəxslər bir mənalı olaraq "Yeni Musavat"ın qərəzli və böhtan xarakterli bu yazısından hiddətləndiyimizi bildiririk, Ar olsun! – deyirik onlara".

Məktubun imza yerində Sabirabad rayonu Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli kənd sakinlərinin, ümumiyyətlə 183 nəfərin adı yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə