Bu şəkildə satılan çörəyi kim yeyər?! - ARAŞDIRMA

Bu şəkildə satılan çörəyi kim yeyər?! - ARAŞDIRMA

Ölkəmizdə hər sahədə olduğu kimi, sahibkarlıq fəaliyyəti üçün də yüksək şərait yaradılıb. Ancaq bəzi sahibkarlar bu imkanlardan yalnız şəxsi mənafeləri üçün istifadə edirlər. Bu gün Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları" ilə Azərbaycanda çörək və bulka satışına dair tələblər müəyyənləşib.

Məhz bu tələblərin hansı səviyyədə yerinə yetirildiyini müəyyənləşdirmək üçün bir neçə mağazaya baş çəkdik. Müşahidələrimiz heç də ürəkaçan olmadı. Belə ki, bir çox mağazalarda çörək və bulka məmulatları üstü açıq şəkildə, balıq və tütün məmulatları ilə eyni şöbədə (çox yaxın) yerləşdirilib. Bəzi dükanlarda təchizatçı haqqında məlumatları əks etdirən xüsusi lövhə quraşdırılmayıb, satıcı çörəyi müştəriyə əllərinə əlcək geyinmədən təqdim edir. Bəzilərində isə, hətta istehlakçılar çörəkləri əlləri ilə yoxladıqdan sonra birini alırlar. Bir çox yerlərdə, əsasən də yol kənarlarında təndir və çörək bişirmə sexləri fəaliyyət göstərir ki, burada işləyən insanların geyimindəki çirk qatına baxanda artıq sanitariya qaydalarına nə dərəcədə riayət olunduğunu rahatlıqla anlamaq olur.

Bütün bunlara aydınlıq gətirmək məqsədilə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevlə əlaqə saxladıq. Mütəxəssis SİA-ya açıqlamasında bu kimi problemlərin mövcud olduğunu təsdiqlədi. O, ərzaq malları satılan ticarət obyektlərində çörək satışının həyata keçirildiyini, buna görə də kiçik marketlərdə çörək və un məmulatlarının satışında qayda pozuntuları olduğunu qeyd etdi: "Belə mağazalarda çörəyin satışı gigiyena baxımından düzgün təmin olunmur. 15-20 kvadratmetrlik mağazada çörəklə yanaşı, hər şey tapmaq olur. Çörəklər hətta döşəməyə yığılır, üzərinə də "ədyal" atılır. Belə hallar qəti şəkildə yolverilməzdir. Ancaq böyük marketlərdə çörək satışı üçün ayrı şöbələr olur və bütün növlər lazımi şəkildə yerləşdirilir. Digər problem ondadır ki, istehlakçılar bir neçə çörəyi əlləri ilə yoxladıqdan sonra, birini seçirlər. Belə halların aradan qalxması üçün çörəyin qablaşdırılması lazımdır. Amma normativ sənədlərə görə çörək "ГОСТ"larla buraxılır. "ГОСТ" da çörəyin qablaşdırılması məcburi xarakter daşımadığına görə heç kim sahibkarı məcbur edə bilməz. Burada çörəyin həm qablaşdırılmış forması, həm də açıq satışı nəzərdə tutulub".

İ. Abdullayev bildirdi ki, çörəyin qablaşdırılması məcburi olmasa da, satıcıların açıq əllə məhsula toxunmasının və ya alıcının çörəkləri yoxlaması qanunlara zidddir: "Amma bizim alıcılar yalnız çörək yox, hətta ət məhsullarını da bir neçə dəfə çevirərək baxırlar. Belə hallar gigiyena qaydalarına ziddir".

Onun sözlərinə görə, cəza tədbirləri və cərimələr yalnız çörək satışına görə yox, mağazada olan bütün məhsulların sanitar qaydalarda satılıb-satılmadığı yoxlanıldıqdan sonra tətbiq edilir: "Məsələn bəzi məhsullar var ki, onları bir-birinin yanına qoymaq olmaz. Bütün məhsulların müvafiq sənədləri olmalıdır. Bunlar hamısı araşdırılmalıdır".

Mütəxəssis çörək bişirmə müəssisələrindəki vəziyyətdən də danışdı: "Ölkəmizdə müasir və standartlara cavab verən yeni çörək zavodları inşa olunur. Ancaq bunlarla yanaşı, kiçik həcmli və antisanitariya şəraitində fəaliyyət göstərən çörək bişirmə sexləri və kürələr də var. Orada işləyənlərin geyimlərinə baxanda bəs edir ki, vəziyyətin nə yerdə olduğunu biləsən. Təbii ki, milli çörəklər əllə işlənməlidir. Ancaq bunun da qaydası var. İşçilər xalatlarla təmin olunmalı, dırnaqları yoxlanılmalı, baş örtükləri olmalı, tibbi müayinədən keçməlidirlər və s... Ən böyük problemlərdən bir də belə müəssisələrdə unun ələnməməsi, sexlərdə gəmiricilərin olması və çörəklərin düzgün daşınmamasıdır. Bütün tədbirlərə, cəza və cərimələrə baxmayaraq, bu nöqsanlarda heç azalma da müşahidə olunmur".

Mövzu ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyevin də fikirlərini öyrəndik: "Bütün dünyada insanların həyatı üçün ən vacib tələbat çörəkdir. Çörək və un məmulatlarının bişirilməsi, daşınması və satılmasında çox ciddi normativ qaydalara riayət olunmalıdır. Bu istiqamətdə görülən işlər istər gigiyena, istər tibbi, istərsə də keyfiyyət baxımından standartlara uyğun olmalıdır. Bu baxımdan bu gün Nazirlər Kabineti qaydaları da yeniləyib. Orada çörəyin bişirildikdən nə qədər sonra satışa verilməli, hansı şəkildə qablaşdırılmalı, daşınmalı, saxlanılmalı olduğu ilə yanaşı, digər müddəalar dəqiq göstərilib.

Yaxşı olar ki, çörək satışı ilə məşğul olan ticarət müəssisələrində hökumətin təsdiq etdiyi həmin qaydalar böyüdülüb asılsın və alıcılar da bu qaydalarla tanış olsunlar. Bu sahədə çalışan insanlar da maarifləndirilməli və vaxtaşırı bilikləri yoxlanılmalıdır. Bu işlərdə ictimaiyyətin də fəallığı artırılmalıdır. Problemləri Azad İstehlakçılar Birliyi və digər bu istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları gündəmə gətirməlidirlər. Televiziyalarda müzakirələr təşkil olunmalı və maarifləndirmə işləri həyata keçirilməlidir. Çörək və un məmulatları ərzaq təhlükəsizliyi sahəsində, ərzaq təhlükəsizliyi isə dünyada ən əsas problemlərdən biridir".

Mütəxəssislərin də qeyd etdikləri kimi, bu istiqamətdə problemlərin aradan qaldırılması üçün bir çox tədbirlər həyata keçirilməlidir. İlk növbədə əsl vətəndaş olmaq lazımdır. Bu ifadənin arxasında böyük bir məna dayanır. Bu mənanı dərk etməyən, belə hallara yol verən sahibkarlar isə bilməlidirlər ki, bu millətin, bu xalqın və bu dövlətin çörəyini yeyirlər. Qanunlar onları pozmaq üçün deyil, əməl etmək üçün, Qaydalar isə sənədlərdə qalmaq üçün deyil, riayət etmək üçündür!

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə