"ASAN xidmət"in yeni layihəsi “Mən böyüyəndə kim olacam?”

"ASAN xidmət"in yeni layihəsi “Mən böyüyəndə kim olacam?”

Sağlam və Birgə, eləcə də Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyi vətəndaşları autizm mövzusunda məlumatlandırmaq məqsədi ilə aprel ayı boyunca müxtəlif tədbirlər həyata keçirir. Tədbirlər çərçivəsində növbəti təşəbbüs olan "Mən böyüyəndə kim olacam?" adlı foto layihəyə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də qoşularaq öz töhfəsini verib. SİA-nın xəbərinə görə, bununla əlaqədar 1 saylı "ASAN xidmət" mərkəzində Beynəlxalq Autizm Günü ilə əlaqədar foto layihəyə start verilib.

Tədbir barədə iştirakçılara məlumat verən "ASAN xidmət" mərkəzinin mətbuat katibi Anar Hüseynov bildirib ki, 21 aprelə qədər davam etməsi nəzərdə tutulan foto layihə 1, 2 və 3 saylı Bakı "ASAN xidmət" mərkəzlərində nümayiş olunacaq: "Sərgilənən şəkillərdə autizmli uşaqların məşhurlarla çəkdirdikləri fotolar yer alıb. Fotolayihənin məqsədi autizmli uşaqların da qayğı və dəstək göstərildiyi halda müxtəlif peşələrə yiyələnmələrinin mümkünlüyünü cəmiyyətə çatdırmaqdır".

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva çıxışı zamanı qeyd edib ki, Parlamentdə autizmli xəstələrin problemləri qaldırılıb və bu sahədə qanunvericilik orqan tərəfindən sənədin hazırlanaraq qəbul olunması gözlənilir. Autizm sindromundan əziyyət çəkən uşaqlara zamanında yardım göstərməklə onların həyatını, gələcəyini xilas etməyin mümkün olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu istiqamətdə maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd edib.

Məlumat üçün bildirək ki, layihədə ABŞ səfiri Riçard Morninqstar, millət vəkili Qənirə Paşayeva, Fransa mədəniyyət elçisi Piearra Bassis, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, aktyor Bəhram Bağırzadə, peşəkar fotoqraf Cəmil Mİrzoyev, rejissor, kinoşünas Ayaz Salayev, əməkdar artist Tünzalə Ağayeva, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, dizayner Ləman Əsgərova və əşpaz Rüstəm Rzayev öz iştirakları ilə autizmli uşaqlara dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, tədbirdə layihəyə dəstək göstərən məşhurlardan bəziləri, fotolarda çəkilən uşaqlar və onların ailələri, ictimai təşkilatlar və UNİCEF-in nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə