“Cəsurlar”ın zona mərhələsi keçirilib

“Cəsurlar”ın zona mərhələsi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə C.Naxçıvanski adına Hərbi Liseydə "Cəsurlar" hərbi idman və turizm oyunlarının Bakı şəhəri üzrə zona mərhələsi keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əvvəlcə Azərbaycanın dövlət himni səslənib.

Yarışda paytaxtın 11 rayon komandası ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayonlarının ümumtəhsil məktəblərindən komandalar birincilik uğrunda mübarizə aparıblar.

BŞGİBİ-nin rəis müavini Aydın Yusifov, C.Naxçıvanski adına Hərbi Liseyin rəis müavini, polkovnik-leytenant Fuad Şərifzadə, "Hərbi Vətənpərvəlik və Mütəxəssiz Hazırlığı Mərkəzi"nin nümayəndəsi Cavanşir Həsənov və digərlər çıxış edərək gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində, onların hərbi və fiziki hazırlığında, vətənpərvərlik hisslərinin aşılanmasında "Cəsurlar" hərbi-idman və turizm oyununun əhəmiyyətindən danışıblar.

Bildirilib ki, yarışın məqsədi yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyi qeyd edilib, dövlətimizin gənclər siyasətində hərbi vətənpərvərlik sahəsinin mühüm yer tutduğu diqqətə çatdırılıb. Belə tədbirlərin həmin siyasətin həyata keçirilməsində mühüm rol oynadığı vurğulanıb.

Daha sonra komandalar təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçmişlər və onların sıra hazırlığı səviyyəsi yoxlanılıb.

Yarışda cəsurlar müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını da nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə