İaşə obyektləri ilə bağlı tələb və şərtlər açıqlandı

İctimai iaşə yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar sahibkarlıq fəaliyyətidir və ictimai iaşə obyektlərində (kafe, restoran və s.) göstərilən xidmətlərin siyahısı icraçı tərəfindən sərbəst olaraq müəyyən edilir. SİA-nın verdiyi məlumata görə, bu, Nazirlər Kabineti tərəfindən aprelin 13-də təsdiqlənən "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda əksini tapıb.

İcraçı istehlakçılar üçün qanunvericiliyə zidd olmayan davranış qaydalarını müəyyən etmək (siqaret çəkilməsinin məhdudlaşdırılması, salona daxil olarkən üst geyiminin girişdə qarderoba təhvil verilməsi və s.) hüququna malikdir.

İctimai iaşə obyektlərində kənardan alınan məhsulların satışı və əlavə xidmətlərin göstərilməsi zamanı yaranan münasibətlər müvafiq satış və ya xidmət qaydaları ilə tənzimlənir. İctimai iaşə obyektlərində hazırlanan məhsulların hər birinin kalkulyasiyası olmalıdır. Menyu və çeşid siyahısı hər bir yemək və məhsul üzrə tərtib edilən kalkulyasiya vərəqlərinə əsaslanmalıdır. İctimai iaşə obyektlərində istehlakçılarla hesablaşmalar zamanı nəzarət-kassa aparatının çeki ilə yanaşı, göstərilmiş ictimai iaşə xidmətinin dəyərini (çekdəki məbləği) təsdiq edən və xidmətin tərkibinə daxil olan yemək və məhsulların adları göstərilmiş hesab təqdim edilməlidir. İcraçı öz təşkilatının adı, yerləşdiyi ünvanı, tipi (növü), dərəcəsi (kateqoriyası), iş rejimi, təklif olunan kulinariya məhsulları və göstərilən xidmətlər barədə zəruri informasiyanı istehlakçılara çatdırmalıdır.

İctimai iaşə obyektində içməli, təmizləmə və digər məqsədlər üçün kifayət qədər və uyğun təzyiqdə isti və soyuq su olmalıdır. Su anbarları, qablar üstüörtülü, təmiz olmalı və asanlıqla yoxlanıla biləcək yerdə yerləşdirilməlidir. İstifadə olunan su qanunvericilikdə nəzərdə tutulmuş tələblərə və gigiyena normalarına cavab verməlidir. İctimai iaşə xidmətinin təşkili zamanı qanunvericiliklə müəyyən edilmiş sanitariya qaydalarının və gigiyenik normativlərin tələblərinə ciddi riayət olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə