Misirdə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi qeyd olunub

Misirdə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi qeyd olunub

Azərbaycan Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 14 yanvar tarixli Sərəncamına uyğun olaraq, ölkəmizin Misirdəki səfirliyində tədbir keçirilib. Tədbirdə Misirin Ayn-Şəms Universitetinin ədəbiyyat fakültəsinin 50-dən çox tələbəsi iştirak edib.
Tədbiri giriş sözü ilə açan səfir Ş.Abdullayev Azərbaycanın tarixi keçmişindən, müstəqillik dövründən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edib. Eyni zamanda ölkəmizin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının yaranma tarixi, geostrateji mövqeyi, mədəniyyəti barədə məlumat verən səfir vurğulayıb ki, blokada şəraitində yaşamasına baxmayaraq Naxçıvan son illər mühüm nailiyyətlər əldə edib, iqtisadi inkişafa nail olub.
Ş.Abdullayev Misirin hazırkı siyasi-iqtisadi durumunu Azərbaycanın 90-cı illərin əvvəlindəki vəziyyəti ilə müqayisə edərək, ölkəsinin o vaxt çətin dövrlər yaşadığını, hakimiyyətin bir neçə dəfə dəyişdiyini, 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi, iqtisadi və sosial islahatların aparıldığını və son on ildə iqtisadiyyatın sürətlə inkişaf etdiyini tələbələrin diqqətinə çatdırıb və Misirdəki vəziyyətin də yaxşılaşacağına ümid bəslədiyini bildirib.
Tədbirdə müasir Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının tarixini əks etdirən sənədli filmlər nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə