Bakı Metropoliteninin yeni qərarının hədəfi SAĞLAMLIĞIMIZ

Bakı Metropoliteninin yeni qərarının hədəfi SAĞLAMLIĞIMIZ

Bakı metro stansiyalarında sərnişinlərin ayaqyolularından istifadəsinə qadağa qoyulub. Bunun səbəblərini Bakı Metropoliteninin mətbuat xidmətindən öyrənməyə çalışsaq da, telefona cavab verən olmadı.

Əməkdaşımız "Sahil" stansiyasına baş çəkdi və xidmət aparan metropoliten işçiləri məlumatın doğru olduğu bildirdilər. Onlar ayaqyolularından yalnız metro işçilərinin istifadəsinə icazə verildiyini qeyd etdilər. "Bəs uşaqlar, xəstələr, hamilə qadınlar, yaşlılar…" - deyəndə isə, işçilər sözümüzü kəsərək, "Biz sizi başa düşürük, bizi başa düşmürlər" - deyə, cavab verdilər.

Məlumdur ki, ayaqyoluna vaxtında getməmək insan sağlamlığına ciddi ziyan vurur. Mövzunu oxucularımıza daha dəqiq təqdim etmək üçün 1 saylı şəhər poliklinikasının həkim-nefroloqu Gülşən Rüstəmovanın fikirlərini öyrəndik. O, ayaqyoluna gecikmənin insan orqanizmində hansı xəstəliklər törədə biləcəyindən danışdı: "Normal insan fiziologiyasına görə, gündüz 12 saat ərzində insanlar 4-6 dəfə ayaqyoluna getməlidir. Sağlam insan bu aralıqla ayaqyoluna getdiyi zaman sidik kisəsi boşalır, ləngimələr olmur. Əgər sağlam insan ayaqyoluna 4-6 dəfə əvəzinə 2 dəfə (səhər və axşam) gedərsə, ləngimələrə səbəb olur. Bu zaman kristallar çökür və mikroblar çoxalır. Bu isə, müəyyən fəsadlara gətirib çıxarır. Sidik kisəsinin tutumu dolan zaman ləngimə olanda onun mayesi yenidən orqanizmə sorulur və lazımsız maddələr konsentrat halında sidik kisəsində yığılıb qalır ki, bu da kristallar əmələ gətirir. Xəstə insanlarda isə sidik kisəsinin tutumu daha az olur. Onlar daha da tez-tez ayaqyoluna getməsələr, sağlam adamlardan daha ağır fəsad baş verə bilər. Eyni zamanda, yaşlı insanlarda orqanizm daha çox sidik ifraz edir. Hamilə qadınlarda isə sidik kisəsinə qarın boşluğundan təzyiq yarandığı üçün onlar daha da tez-tez ayaqyolundan istifadə etməlidirlər. Azərbaycanda "daş" xəstəliyinin əmələ gəlməsinə meyllilik var. Tanınmış alimimiz Cavadzadə də bu barədə elmi iş yazıb. Ona görə insanlarımız çox maye qəbul etməlidir. Bu da yenə ayaqyoluna tez-tez müraciət etməyi tələb edir".

Bakı Metropolitenindən isə bu qərarın nə ilə bağlı olduğu haqda hələ ki, açıqlama verilməyib. Agentliyimizdə sözügedən qurumun rəsmilərinin mövqeyini dərc etməyə hazırıq.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə