Bu gün Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ölkədə qida zəhlənməsi ilə bağlı statistik məlumatlar yayıb. Məlum olub ki, mart ayı ərzində Azərbaycanda əhali arasında 76 qida zəhərlənməsi hadisəsi baş verib. Nəticədə 83 nəfər zərər çəkib.
Bir çox sahələrdə olduğu kimi, bu sahədə də insanların zərər çəkməsi məhz maarifləndirmə işlərinin zəif aparılmasının nəticəsidir. Belə ki, gənc nəslin böyük hissəsinin kulinariya bilikləri yetərincə olmadığına görə, məişətdə hazırlanan qida məhsulları zəhərlənmələrə yol açır. Qida məhsullarının bişirilməsi, saxlanılma şəraiti, istifadə qaydaları və s. haqda məlumatsız olan insanlar həm özlərinə, həm də ətrafında olanlara istəmədən zərər vermiş olurlar.
Bununla bağlı Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevlə əlaqə saxladıq. Şöbə müdiri baş vermiş qida zəhərlənmələrinin səbəblərini əsasən insanların kulinariya haqqında məlumatlı olmaması ilə əlaqələndirdi: "Qida zəhərlənmələri əsasən məişətdə baş verir. Əsas səbəblər evlərdə qida məhsullarının düzgün hazırlanmaması, düzgün saxlanılmaması, düzgün istifadə olunmaması və sanitariya qaydalarına əməl olunmamasıdır. Bəzən təkrar istifadə zamanı qızdırılma tam həddə çatdırılmadığından da zəhərlənmələr baş verə bilir. Ev şəraitində düngün texnologiya ilə hazırlanmamış pomidor və xiyar tutmalarından botulizm zəhərlənmələri baş verir.
Bu barədə gərək əhalidə də kulinariya bilikləri olsun. Bəzi xanımlar 3-4 günün yeməklərini bir dəfəyə hazırlayıb, soyuducuda saxlayırlar və bir neçə dəfə qızdırıb-soyudurlar. Belə hallarda qida son dərəcə çirklənməyə məruz qalır və müəyyən zəhərlənmələr əmələ gətirir. Bu zəhərlənmələrin özünü göstərməsi insanların fərdi immunitetindən də asılıdır".
Mütəxəssis qeyd etdi ki, qida məhsulları ev şəraitində bir dəfəlik istifadə olunacaq qədər hazırlanmalıdır.
İ. Abdullayev maarifləndirmə işləri barədə də məlumat verdi: "Mütəxəssislər mediaya müsahibə verərək səbəbləri dəfələrə izah ediblər. Televiziyalarda sujetlər hazırlanıb, Səhiyyə Nazirliyinin rəsmi saytında məqalələr dərc olunub".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə satın alınan qida məhsullarından da zəhərlənmələr olduğunu dedi. Onun sözlərinə görə, zəhərlənmələr əsasən istehlakçının boyununa yıxılır: "Satışa çıxarılan turşulardan, yay aylarında isə bostan bitkilərindən zəhərlənmələr olur. Bazarlarda səhərlər ağzı açılamamış bankalara guya laboratoriyalar tərəfindən yoxlanıldığı haqda sənəd verilir".
Sözügedən iddialara Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İ. Abdullayev münasibət bildirdi. O, bazara istehsalat müəssisəsindən mal gətirilmədiyini, orada fərdi təsərüffatlardan əhali tərəfindən tədarük olunan məhsulların satıldığnı deyərək, bu işlərə bazarlarda fəaliyyət göstərən laboratoriyaların nəzərət etdiyini bildirdi: "Səhiyyə Nazirliyi kiminsə motalına sertifikat verə bilməz ki?! Ancaq istehsal müəsissələrində sahibkarlar tərəfindən istehsal olunan mallara sertifikat verilə bilər. Sertifikatın verilməsi həmin məhsula qarant verilməsi demək deyil. Sahibkar bir il ərzində istehsal etdiyi məhsulun təhlükəsizliyinə cavabdehdir.
Turşular konserva olanda zəhərlənmə verə bilir. Məsələn, Qəbələdə yolun kənarında və ya bazarlarda çoxlu sayda bankalarda turşular satılır. Bunlar potensial təhlükədir. Onlar konserviləşdirilməsələr, zəhərlənmə verə bilməzlər.
Bazara iki cür məhsul gətirilir - heyvandarlıq və bitki məhsulu. Məhsullar yoxlanılmadan bazara buraxılmamalıdır. Lakin bazar rəhbərləri qaydalara riayət etmədiyindən yoxlanışlar bizi qane etmir. Əfsuslar olsun ki, mallar satılıb qutarana yaxın 1-2 analiz götürülür. Ərzaq məhsullarının giriş, saxlanılma və müayinə yerləri olmalıdır. Nümunələr götürülməli və qaydasında olarsa, bazara buraxılmalıdır.
Ötən il Bakı şəhərinin əksər bazar rəhbərlərini cərimə etmişik. "8 km bazarı"nda ümumiyyətlə qida məhsullarının satışını qadağan edən qərar çıxarmışıq. "Təzə bazar" və "Yaşıl bazar"ın rəhbərliyi də cərimələnib. Amma zəhərlənmələr əksər hallarda ev şəraitində hazırlanan qidalardan baş verir. Lazım olarsa, statistikanı da təqdim edə bilərik".
Əgər insanlar antisanitariya şəraitində satılan, sertifikatı, laboratoriyadan verilən sənədi olmayan məhsulları almasalar, ev şəraitində qida məhsulları hazırlayarkən qaydalara əməl etsələr, problem zamanla öz həllini tapacaq. Bunun üçün isə maariflənməyə ehtiyac var.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB