Bu gün Azərbaycan Dillər Universitetində ADU Yeni Azərbaycan Partiyasının ilk təşkilatının hesabat konfransı keçirilib. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş iclasda Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədr müavini Azər Süleymanov, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev və universitetin professor-müəllim, tələbə heyəti iştirak edib.
İclasda çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev iclasın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunduğunu bildirib. O, Ümummilli Liderin gənclərlə bağlı siyasətindən, gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb. Ümummilli Liderin gənclərlə bağlı siyasətinin müasirləşən gənclik üçün bir töhfə olduğunu söyləyib. Prorektor Ələddin Əliyev Dillər Universitetində 360 nəfər şəxsin YAP-a üzv olduğunu xatırladıb. Ə. Əliyev iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
İclasın gündəliyinə "Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti", "İlk təşkilatın idarə heyətinə yeni üzvlərin seçilməsi" və "Partiya üzvlüyünə qəbul" məsələləri daxil idi.
ADU YAP Gənclər Təşkilatının sədri Ziba Nəcəfova çıxışında gənclik dövrünün dövlətin var olması üçün böyük potensial olduğunu bildirib. Azərbaycan gəncliyinin amalının vətəni layiqincə təmsil etmək, dövlətin adını hər zaman yüksək tutmaq, vahid hakimiyyət ətrafında birləşmək olduğunu söyləyən Z. Nəcəfova gənclərin bu istiqamətdə sosial şəbəkələrdə də aktiv olduğunu vurğulayıb. O, harada yaşamağından və təhsil almağından asılı olmayaraq gəncliyin Azərbaycan keçmişinin qoruyucusu, gələcəyinin isə qurucusu olmasını unutmamalı olduğunu bildirib.
İclasın davamında gündəliyin növbəti məsələlərinə toxunularaq ilk təşkilatın idarə heyətinə seçimlər keçirilib. Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Xarici dillər kafedrasının müəllimi Anar Rəhimov və Qrammatika kafedrasının müdiri, dosent Leyla Cəfərovanın namizədliyi irəli sürülərək səsə qoyuldu və səsvermə nəticəsində təsdiq olunub.
Sonda Partiya üzvlüyünə qəbul olmaq istəyən 37 nəfər partiya sıralarına daxil olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB