Bir çoxları arıqlamaq və gözəl bədən quruluşuna sahib olmaq üçün müxtəlif üsullara əl atırlar. Düzgün qidalanaraq arıqlamağın mümkün olduğu da hər kəsə məlumdur. Düzgün qidalanmaqla bağlı dietoloq-terapevt Ləman Zeynalovanın SƏS TV-yə müsahibəsini təqdim edirik:
- Bu gün insanları ən çox maraqlandıran bir sual var. Düzgün qidalanmaq, sağlam qalmaq və artıq çəkidən azad olmaq...
- Hər kəsin sağlamlığı öz əlindədir. Təbii ki, sağlamlığın əsasında sağlam qidalanma durur. Sağlam qidalanma insanları bir çox xəstəliklərdən sığortalayır. Cəmiyyətin böyük problemlərindən biri də piylənmədir. Səhiyyə Nazirliyinin son açıqlamasına əsasən əhalinin 60 faizindən çoxu piylənmədən əziyyət çəkir. Təəssüf ki, göstəricinin 40-45 faizini gənc nəsil təşkil edir və bu, qlobal problemlərdən biridir. Sağlam qidalanma insanları nəinki piylənmədən sığortalayır, həm də müəyyən xəstəliklərin qarşısını alır. Təəssüf ki, son zamanlar fastfood yeməklərinə daha çox meyl edilir. Bu məsələdə gənclər üstünlük təşkil edir. Belə ki, onlar fastfood, quru yeməklərə, zəhərli məhsullara daha çox üstünlük verirlər. Bunun qarşısını almaq üçün əhalinin maarifləndirilməsi ilə ciddi məşğul olmaq lazımdır.
- Yaz fəslində insan orqanizmində immunitetin səviyyəsi nə qədər olur?
- Payız və yaz fəsli keçid fəsli adlanır və bu fəsillərdə düzgün qidalanmayan, infeksion xəstəlikli insanlarda immunitet çox zəif olur. İmmuniteti gücləndirmək üçün ən vacib məsələ düzgün qidalanmaqdır. Yaz-yay fəsli meyvə tərəvəzlərin çox olan vaxtıdır. Bu fəsildə təbii vitaminlərə daha çox üstünlük vermək lazımdır ki, immunitetimiz normada qalsın. İmmuniteti normada saxlamaq üçün orqanizmə lazım olan yağ, zülal, vitamin, minerallar da daxil olmalıdır ki, balans yaransın.
- Gün ərzində insan nə qədər kalori qəbul etməlidir?
- İnsan gün ərzində 1000- 2000 kalori qəbul edə bilər. Eyni zamanda bu insanın fizioloji xüsusiyyətindən də asılıdır. Çünki insanın xasiyyəti fərqli olduğu kimi, onun fizioloji xüsusiyyəti də fərqli ola bilər. Misal olaraq, kişilərdə günlük kalori qəbulu 2000- 2500 olursa, qadınlarda bu göstərici 1000- 2000 olmalıdır.
- Axşam saatlarında çörək yemək köklüyə səbəb olur?
- Qeyd edim ki, müəyyən komponentlər orqanizmə qida ilə bərabər daxil olmalıdır. Çörək də bizim menyumuzun əsas hissəsini təşkil edir. Təəssüf ki, bəzi insanlar ümumiyyətlə çörəkdən istifadə etmirlər. Xüsusi vurğulamaq istərdim ki, bu çox yanlış fikirdir. Çünki insan orqanizmin çörəyin içində olan komponentlərə ehtiyacı var. Çörəkdən düzgün istifadə etməmək də piylənməyə gətirib çıxara bilər. Günlük 5-6 dilim çörəkdən istifadə edənlərə bu rəqəmi 3-4-ə qədər azaltmaları məsləhət görülür. Ancaq çörəyi tamamilə həyatımızdan çıxarmaq olmaz. Təzə bişmiş ağ çörək orqanizmə ziyandır. Çünki onun həzmi çox ləng gedir. Ona görə də mədə-bağırsağında problem olan insanlarda müəyyən fəsadlar ola bilər. İnsanlar daha çox qara çörəkdən istifadə etməlidirlər. Qara çörəkdən istifadə üçün də insanları maarifləndirmək lazımdır.
- Belə bir fikir formalaşıb ki, insan tək qalanda və stress keçirəndə yeməyə daha çox meyl edir. Bu vərdişdən irəli gəlir?
- Ən qlobal problemlərdən biri də budur. Ən çox da xanımlar bu problemlər bağlı müraciət edirlər. Müəyyən insanlar vardır ki, təklikdə daha çox dərdləri yadına düşür və stress halları baş verir. Bu insanlar daha çox yeməyə üstünlük verirlər. Stressdə olan insanların iştahası artır və şirniyyata qarşı zəiflik yaranır. Beyin hüceyrələri şəkərlə qidalanır. Şəkəri tamamilə qidadan çıxartmaq olmaz. Eyni zamanda şəkərə meylli olmaq da olmaz. Şəkəri təbii meyvə-tərəvəzlərdən almaq daha doğrudur. Qeyd etmək lazımdır ki, stress nəticəsində iştahası artan insanlarda çəki artır. Belə olduqda, insanların həkimə müraciət etmələri daha məsləhətlidir.
- İnsanlar çəki atmaq üçün ac qalır və ya arıqladıcı dərmanlardan istifadə edirlər. Lakin sonradan fəsadlar ortaya çıxır. Bununla bağlı nə deyə bilərsiniz?
- Arıqladıcı dərman preparatlarından, zərərli çaylardan istifadə etmək düzgün deyil. Çünki bu vasitələr alışqanlıq yaradır. Xüsusi ilə də gənc qızlarda sonsuzluq yaratmaq ehtimalı var. Bu vasitələrlə arıqlayanlar isə sonradan sürətlə kökəlirlər. Arıqlamaq üçün ac qalmaq, jurnallardan, internet saytlarından götürülmüş pəhriz növlərindən istifadə etmək düzgün deyil. Arıqlamaq istəyən insanların yaşadıqları iqlim xüsusiyyətləri, qan qrupu, keçirdiyi xəstəliklər, yaşadığı həyat tərzi göz önünə alınaraq, onlara şəxsi proqramı tərtib olunmalıdır. Kortəbii pəhriz növlərindən istifadə etdikdə orqanizm bu qidalanmaya alışır. Düzdür çəki itirilir, lakin o çəki azalması piylənmənin azalması demək deyil. Bu çəki insanın su ehtiyatından gedir. Arıqladıcı dərmanlar da bu prinsiplə işləyir.
- Azərbaycan mətbəxi çox zəngindir. Ləziz yeməklərlə yanaşı, şirniyyatlarımızdan dadmamaq mümkün deyil. Bu yeməklər köklüyə səbəb ola bilərmi?
- Mətbəximiz çox zəngindir. Xüsusilə də bayram ərəfəsində şirniyyatlar, ləziz yeməklər bişirilir, süfrələr bəzədilir. Amma çalışmalıyıq ki, bu gözəlliyi bir az azaldaq. Əgər şirniyyatı hər gün bişiririksə, bunu azaltmaq lazımdır. Xüsusilə çalışmalıyıq ki, həmin qidalarda gözümüz qalsın. Yağlı yeməklə bərabər qazlı içkilərdən istifadə etmək düzgün deyil. Yağlı yeməklə limon şirəsindən, limondan və ya yaşıl salatlardan istifadə etmək ziyan deyil. Yaşıl salat dedikdə müxtəlif göyərtilər, yalnız yaşıllıqlar nəzərdə tutulur. Bunlar orqanizmdəki xolesterinin zəhərli xüsusiyyətlərini azaldır.
- Bəzən köklük insanlarda kompleks yaradır. Köklük xəstəlikdir, arıqlıqsa sağlamlıqdır fikrinə sizin münasibətiniz necədir?
- Təbii ki, köklük xəstəlikdir, arıqlıqsa baxır necə? Çəki boya uyğun olmalıdır. Deyərdim ki, bu gün qadınlardan çox, kişilərdə kompleks var. Qızlarda köklük ana olmaq şansını azaldır, kişilərdə isə sonradan cinsi zəifləməyə və psixoloji problemlərə səbəb olur. Amerikalı alimlər belə bir nəticəyə gəliblər ki, kişilərdə olan kompleks qadınlardan daha yüksəkdir. Kompleks yaşamaq istəmirsinizsə düzgün qidalanmaya üstünlük verməlisiniz. Xüsusilə də analar övladlarının qidalarına fikir verməlidirlər.
- Oturaq işlə məşğul olduqda köklük yaranırmı?
- İş adamları səhər, günorta, axşam vaxtında yemək yeməlidirlər. Meyvə şirəsindən, meyvədən istifadəyə üstünlük verməlidirlər. Səhər yeməyi müsbət enerji ilə təmin edilir. Səhər elə qidalanmaq lazımdır ki, gün ərzində bizim enerjimiz olsun. Hər səhər yağlı yeməklərdən də istifadə etmək düzgün deyil. Həftənin 7 günü var. Bəzi günlər meyvə, meyvə şirələrindən istifadə etmək lazımdır. Meyvələrin tərkibində olan komponentlər gün ərzində olan yeməklərə tələbatı azaldır. Zülalları heyvani qidalardan alırıq və bunun üçün yumurtadan istifadə etmək lazımdır. Heyvani qidalardan tamamilə imtina etmək düzgün deyil. Çünki vegetarianlarda qan azlığı yaranır. Həftənin müəyyən günləri heyvani qidalardan istifadə edilməlidir. Səhərlə günorta yeməkləri arasında elə qidalardan istifadə etmək lazımdır ki, günorta yeməyinin həzmi asanlaşsın. Eyni zamanda günorta ilə axşam yeməyi arasında elə qidalardan istifadə etmək lazımdır ki, axşam yeməyinin həzmini asanlaşdırsın. Gün ərzində 4- 5 dəfə qidalanmaq budur. İş adamları isə səhər-günorta yemirlər. Bunun qarşılığında isə yalnız axşam qidalanırlar. Bu isə düzgün qidalanma deyil. Bu cür insanlar axşam yağlı qidalardan uzaq durmalıdırlar. Qeyd etmək istərdim ki, arıqlamaq məqsədi ilə fitness kluba getmək də düzgün deyil. Avropada heç kəs arıqlamaq üçün fitness kluba getmir, idmanla məşğul olmur. Əgər idmanla məşğul olursunuzsa, o zaman bunu ömürlük edin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB