Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deputat həmkarı Sabir Rüstəmxanlının yerli mətbuatda İnstitutun Azərbaycanın ən yaxın tarixi ilə bağlı hazırladığı 7 cildlik kitabın lazım olan səviyyədə hazırlanmaması fikirlərinə cavab verib. SİA Yaqub Mahmudovun dediklərini təqdim edir:
"Hörmətli Sabir müəllim, AzNews.az saytına 8 aprel 2014-cü il tarixdə verdiyiniz müsahibə Tarix İnstitutunun əməkdaşlarını və şəxsən məni son dərəcə təəccübləndirdi. Sizi narahat edən 7 cildlik "Azərbaycan tarixi" 2003-cü ildə işıq üzü görüb. Sizə yaxşı məlumdur ki, Tarix İnstitutunun yeni rəhbərliyi 2004-cü ildən fəaliyyət göstərir. İnstitutda həyata keçirilən böyük işlər barədə Sizin özünüz də dəfələrlə müsbət fikir söyləmisiniz. 2003-cü ildə nəşr olunan 7 cildlik "Azərbaycan tarixi" barədə 2014-cü ildə fikir söyləməyinizi və institutu keçmiş konsepsiyadan "qopa bilməməkdə" suçlamağınızı əsla düzgün addım saymırıq və bu irad ünvanımıza Sizin tərəfinizdən söyləndiyi üçün dərin təəssüf hissi keçiririk. Gördüyümüz işlərə Sizin kimi milli təfəkkür sahiblərinin bu cür qiymət verməsi əməkdaşlarımız arasında ciddi anlaşılmazlığa səbəb olub və haqlı narazılıq doğurub. AzNews.az saytına isə arzumuz budur ki, Tarix İnstitutunun uğurlarına da yer ayırsın!".
Qeyd edək ki, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı məlum müsahibəsində bildirib ki, Akademiyanın Tarix İnstitutu Azərbaycanın ən yaxın tarixi ilə bağlı 7 cildlik kitab yazıb. Lakin bu nəşrlər toplusu lazım olan səviyyədə hazırlanmayıb: "Kitabı necə istəyiblər, o cür də yazıblar. Həmin kitablarda bəzən kiminsə asqırmasını yazdıqları halda, məsələn, 1991-ci ilin oktyabrında "Azərbaycan" qəzeti çapa başlaması, yaxud da Dağlıq Qarabağa xalq yardımı ilə bağlı müəyyən addımlar atılması kimi faktlar dərc olunmayıb. Tarıxə belə münasibət yolverilməzdir. Kitabı oxuduqda nəşr müəlliflərinin Azərbaycan tarixindən bilgilərinin az olduğu qənaətinə də gəlinir. Bunlar ya Azərbaycan tarixini kifayət qədər bilmir, ya da tarixə subyektiv münasibəti var. Yəni qeyd etdiyim kitabla bağlı onlarla belə misal çəkmək olar. Ümumiyyətlə bizə tarix lazımdır və yaxud lazım deyil. Əgər lazımdırsa, obyektiv tarix yazmalıyıq. Yox lazım deyilsə, heç nə yazmalı deyil. Açığı, son illər tarix institutunda xeyli iş görülməsinə baxmayaraq, yenə də İqrar Əliyev dövrünün ənənələrindən tam qopa bilməyiblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB