Ukraynada xüsusi nəşr buraxılıb

Ukraynada xüsusi nəşr buraxılıb

Keçən il dekabrın 7-8-də Kiyev vilayətinin Brovarı şəhərində gənc oğlanlar və qızlar arasında sərbəst güləş üzrə V beynəlxalq turnir keçirilmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş həmin turnir haqqında xüsusi jurnal bu günlərdə çapdan çıxıb.

Bu ənənəvi və maraqlı yarışların təşəbbüsçüsü və təşkilatçısı "Azərbaycançılıq İnstitutu" beynəlxalq ictimai təşkilatının prezidenti, Ukrayna Azərbaycanlılar Konqresinin Kiyev şəhər təşkilatının sədri, sərbəst güləş üzrə Əməkdar İdman Ustası, Azərbaycanın və keçmiş Sovet İttifaqının Əməkdar Məşqçisi Oleq Krapivindir.

Azərbaycan xalqının ulu öndəri və Ukraynanın böyük dostu Heydər Əliyevin 90 illiyinə həsr edilmiş turnir Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının təşkilati dəstəyi ilə keçirilib.

Oleq Krapivin, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, o vaxt Ukraynanın gənclər və idman naziri olmuş Ravil Safiullin, Ukrayna "Enerqoatom" dövlət şirkətinin vitse-prezidenti Aysin Aydın, Ukrayna Azərbaycanlılar Konqresi Kiyev şəhər təşkilatı sədrinin müavini Firudin Həşimov, Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya kateqoriyalı hakim Əjdər Cəfərov və başqaları nəşrin oxucularına müraciət ediblər.

Müraciətdə vurğulanır ki, Brovarı bədən tərbiyəsi məktəbinin idman kompleksində keçirilmiş iki günlük turnirdə tribunalar tamaşaçı ilə dolu idi. Yarışlarda Ukrayna, Azərbaycan, Belarus, Almaniya, Moldova, Rusiya Federasiyası, Rumıniya və Özbəkistandan olan 235 oğlan və 126 qız iştirak edirdi.

Azərbaycanı təmsil edən oğlan və qızlar turnirdə qazandıqları medalların sayına görə daha yüksək "məhsuldarlıq" nümayiş etdiriblər. Azərbaycan yığması bu ciddi və gərgin yarışlarda ümumi komanda hesabında birinci yeri tutub.

Nəşrdə qeyd edilir ki, Azərbaycan idmançılarının bu uğurunda tanınmış mütəxəssislər Oqtay Hüseynov, Firdovsi Ömərov, Nicat Hacıyev, qızların məşqçisi Rövşən Süleymanov, oğlanların məşqçiləri Əsgərxan Novruzov və Rövşən Hacıyev mühüm rol oynayıblar.

Yüksək poliqrafik səviyyədə hazırlanmış nəşr Xarkov şəhərindəki "Meqapolis-plyus" MMC-də çap edilib.

Nəşrdə AzərTAc-ın materiallarından və fotoşəkillərindən də istifadə edilib. Ukraynalı oxucu turniri işıqlandıran bu materiallar sayəsində həm də Bakıdakı müasir memarlıq nümunələri – Heydər Əliyev Mərkəzi, "Alov qüllələri" kompleksi, dünya səviyyəli olimpiya obyektləri, Dövlət Neft Şirkətinin uğurlu fəaliyyəti, ölkəmizin idman sahəsində nailiyyətləri və bir sıra başqa məlumatlarla tanış olmaq imkanı qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə