AMEA-nın 19 institut və təşkilatının direktorları təsdiq olunub

AMEA-nın 19 institut və təşkilatının direktorları təsdiq olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Daha sonra Botanika İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru İlham Şahmuradovun "İnteqrativ biologiya və bioinformatika" adlı məruzəsi dinlənilib. Onun sözlərinə görə, eukariot genomlarının təşkili, ekspressiyası və təkamülünün xüsusiyyətlərinin kompyuter analizi sahəsində aparılan tədqiqatlar nəticəsində insan, heyvan və bitki genomlarının fəaliyyətini tənzimləyən bəzi elementlərin axtarışı üzrə yüksək dəqiqliyə malik kompyuter proqramları, bitki promotorları üzrə məlumat bazası yaradılıb: "Ali bitkilərdə plastid və mitoxondrilərdən nüvəyə gen transferinin bir sıra təkamül və funksional xüsusiyyətləri aşkar edilib. Tədqiqatlarda ABŞ, Birləşmiş Krallıq, Pakistan və Səudiyyə Ərəbistanı Krallığının aparıcı elmi mərkəzlərinin alimləri də iştirak edib, nəticələr barədə beynəlxalq elmi konfranslarda məruzələrlə çıxışlar edilib".

Məruzə sual-cavab və müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.

İclasda Akademiyanın 70 illik yubileyinə həsr olunan tədbirlər planının layihəsi müzakirə edilib, hazırlandıqdan sonra Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı qərar qəbul olunub. Bununla yanaşı, ölkə başçısının "Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" haqqında sərəncamından irəli gələn məsələlər və atılacaq addımlar da müzakirə edilib.

Növbəti qərarla AMEA-nın bir sıra alimləri adlı mükafatlara layiq görülüblər. Mükafatların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər əldə edən alimləri daha yüksək səviyyəli tədqiqatlara həvəsləndirmək və Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.

Aktual elmi və texnoloji problemlərin həllinə yönəlmiş elmi-tədqiqat proqramlarının seçilməsi və maliyyələşdirilməsi üçün müsabiqə elan edilməsi, həmçinin AMEA üzvlüyünə seçkilərlə əlaqədar elmi bölmələrdə ekspert komissiyalarının yaradılması haqqında qərarlar qəbul edilib. Eyni zamanda Akademiyanın yeni nizamnamə layihəsi bəyənilmiş və ümumi yığıncağın müzakirəsinə verilməsi qərara alınıb.

Rəyasət Heyətinin növbəti qərarları ilə AMEA-nın 19 institut və təşkilatının direktorlarının təyinatları təsdiq olunub, Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinin icrası isə Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Validə Əlizadəyə həvalə edilib.

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə akademik Telman Əliyev Kibernetika İnstitutunun, AMEA-nın müxbir üzvü Adil Qəribov Radiasiya Problemləri İnstitutunun, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvü Əyyub Quliyev Şamaxı Astrofizika Rəsədxanasının, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov Fizika İnstitutunun direktoru seçilib.

Yer Haqqında Elmlər Bölməsi üzrə akademik Akif Əlizadə Geologiya İnstitutunun, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov Coğrafiya İnstitutunun, Humanitar və İctimai Elmlər Bölməsi üzrə akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev Dilçilik İnstitutunun, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin, AMEA-nın müxbir üzvü Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, AMEA-nın müxbir üzvü Teymur Kərimov Əlyazmalar İnstitutunun, filologiya üzrə elmlər doktoru Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Biologiya və Tibb Elmləri Bölməsi üzrə akademik Məmməd Salmanov Mikrobiologiya İnstitutunun, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Fiziologiya İnstitutunun direktoru vəzifəsinə təsdiq olunublar.

Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Zəkəriyyə Əlizadə isə Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təsdiqlənib.

Digər qərarla biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov AMEA Şəki Regional Elmi Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov isə mərkəzin elmi katibi vəzifəsinə təyin ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə