İnsan, heyvan və bitki genomlarının fəaliyyətini tənzimləyən baza yaradılıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun alimləri eukariot genomlarının təşkili, ekspressiyası və təkamülünün xüsusiyyətlərinin kompüter analizi sahəsində mühüm tədqiqatlar aparmış, bir sıra bioinformatik analiz vasitələri əldə ediblər. SİA-nın xəbərinə görə, işlər institutun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin rəhbəri, AMEA-nın həqiqi üzvü Cəlal Əliyev və Bioinformatika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru İlham Şahmuradovun rəhbərliyi ilə həyata keçirilib. Araşdırmalar əsasında fundamental və praktiki əhəmiyyət kəsb edən bir sıra önəmli nəticələr alınıb.
İ.Şahmuradov Rəyasət Heyətinin bugünkü iclasında nəticələrə dair məruzə ilə çıxış edib. O bildirib ki, tədqiqatların sayəsində insan, heyvan və bitki genomlarının fəaliyyətini tənzimləyən bəzi elementlərin axtarışı üzrə yüksək dəqiqliyə malik kompüter proqramları, bitki promotorları üzrə məlumat bazası yaradılıb: "Ali bitkilərdə plastid və mitoxondrilərdən nüvəyə gen transferinin bir sıra təkamül və funksional xüsusiyyətləri aşkar edilib. Bioinformatika sahəsində elmi terminlər üzrə Azərbaycan dilində ilk izahlı lüğət tərtib olunub".
O həmçinin qeyd edib ki, son 15 ildə biologiyanın inkişafında digər önəmli məqam müxtəlif elm sahələrindən bilik və tədqiqat vasitələri əsasında elmlərarası yeni bir sahənin-inteqrativ biologiyanın formalaşması və sürətlə inkişaf etməsidir: "İşlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və bir neçə xarici elm fondunun maliyyə dəstəyi ilə reallaşıb. Tədqiqatlarda ABŞ, Birləşmiş Krallıq, Pakistan və Səudiyyə Ərəbistanı Krallığının aparıcı elmi mərkəzlərinin alimləri də iştirak ediblər. Tədqiqatların nəticələri barədə beynəlxalq elmi konfranslarda məruzələrlə çıxışlar edilib, yüksək impakt faktorlu beynəlxalq elmi jurnallarda məqalələr dərc olunub. Məqalələrə yüzlərlə istinadlar qeydə alınıb".
Məruzə sual-cavablardan və müzakirədən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB