Sabah 2-ci Xəzər Beynəlxalq Su texnologiyaları sərgisi keçiriləcək

Sabah 2-ci Xəzər Beynəlxalq Su texnologiyaları sərgisi keçiriləcək

10-12 aprel 2014-cü il tarixlərində Bakı Ekspo Mərkəzində 2-ci Xəzər Beynəlxalq Su texnologiyaları (CATEC 2014) sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, sərginin açılışı ilə əlaqədar bu gün mətbuat konfransı keçirilib.

"Iteca Caspian" MMC-nin biznesin inkişafı üzrə müdiri Bəhruz Hidayətzadə deyib ki, CATEC 2014 sərgisi Xəzəryanı regionda su texnologiyaları üzrə nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbirdir və Azərbaycanın milli su operatoru - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü və rəsmi dəstəyi ilə təşkil olunur.

Azərsu ASC-nin "Sukanal" ETLİ elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov deyib ki, Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, içməli və çirkab sutəmizləyici qurğuların layihələndirilməsi və tikintisi üzrə irimiqyaslı layihələrin həyata keçirildiyi bir vaxtda su texnologiyalarına həsr olunmuş sərgi və konfransın təşkil edilməsi olduqca aktualdır.

Layihənin rəhbəri Rəşad Qədimov bildirib ki, sərgidə bu sahə ilə bağlı müasir nailiyyətlər, texnologiyalar, eləcə də sənayedə tətbiq olunan və onun modernləşdirilməsinə kömək edən innovativ ideyalar nümayiş etdiriləcək: "Bu il CATEC 2014 sərgisində ziyarətçilərin diqqətinə içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarəedilməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar, tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim ediləcək. CATEC 2014 sərgisində 24 ölkədən öz məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edəcək. Onların arasında Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Kanada, Türkiyə, İsrail, Rusiya, Belarus, Litva, Fransa, Macarıstan, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrin aparıcı texnologiya şirkətləri və təchizatçıları, habelə ekologiya və tikinti şirkətləri var. Yerli iştirakçılar isə "Azərsu" ASC, "Akkord", Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azertexnolayn MMC, "Grand Motors" MMC, Gəncə Cihazqayırma zavodu, Omicron MMC, Unipark MMC, Sumqayıt Texnologiyalar Parkı və digər müəssisə və təşkilatlardır".

R.Qədimov qeyd edib ki, sərgi iştirakçılarının yarıdan çoxunu xarici şirkətlər təşkil edir və onların arasında "ABB" (İsveçrə), "Amiad Water Systems" (İsrail), "AVK" (Danimarka), "Culligan" (ABŞ), "Elektromed" (Türkiyə), "Erkon" (Türkiyə), "Flotenk" (Rusiya), "GEA Westfalia" (Almaniya), "Greenworks" (Litva), "Grundfos" (Danimarka), "Krohne Anlagen" (Almaniya), HALLA (Koreya), "Hungarian Water Cluster" (Macarıstan), "KWI International" (Avstriya), "Nirosoft" (İsrail), "Sampro Canada" (Kanada), "Sulzer" (İsveçrə), "Turan Makina" (Türkiyə), "Valvotubi Ind" (İtaliya), "Kommunalnik zavodu" (Belarus) və digər şirkətlərdir".

Rəşad Qədimov deyib ki, CATEC 2014 sərgisinin məqsədi su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin idarə edilməsi, tullantı sularının təmizlənməsi, habelə boru kəməri mühəndisliyi sahələrində ən yeni texnologiyaların tətbiqinə, beynəlxalq əməkdaşlığın inkişafına və təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə